Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

  • 15 Oktyabr 2019

Chip.az bildirir ki, Böyük Britaniyanın “Cable” şirkəti ölkələrin ortalama internet sürətini araşdırıb. Azərbaycan internetin sürətinə görə 207 ölkə arasında 141-ci yerdədir. Hesabata görə, Azərbaycanda internetin orta yükləmə sürəti 3.1 Mbps-dir. Azərbaycandakı orta internetlə 5 GB-lıq filmi endirmək üçün 3 saat 39 dəqiqə 53 saniyə tələb olunur. Hesabata görə, Azərbaycan siyahıda 6 pillə geriləyib. Ölkəmiz 2018-ci ildə 135-ci yerdə idi. Bu il bütün ölkələrin ortalama internet sürəti 11 Mbps təşkil edib. Azərbaycanda internetin sürəti (3.1 Mbps) dünya üzrə orta internet sürətindən də aşağıdır.

Dünyada orta hesabla ən sürətli internetin olduğu ölkə 85 Mbps sürətlə Tayvandır. Tayvandakı orta internet sürətilə 5 GB-lıq bir filmi endirmək üçün 8 dəqiqə tələb olunur.

Dünyada qlobal internet sürəti artdığı ərəfədə Azərbaycanda isə bu hal geriləyir. İnternet sürətinin geriləməsi beynəlxalq hesabatlarda da öz əksini tapır.

Mözu ilə bağlı açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycanda internetin sürətinin geriləməsinin tək səbəbi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin düzgün olmayan infrastruktur siyasətidir: “Qeyd etdiyim nazirlik internet infrastruktur siyasətinin genişlənməsi ilə bağlı düzgün xətt götürməyib. Bütün yük düşüb iki dövlət provayderinin üzərinə. “AzTelecom” və “Baktelecom”un mövcud resurslarına arxalansaq, bizə internet infrastrukturu qurmaq üçün 10 illər lazım olacaq. İki provayderin gücü Azərbaycanın internet infrastrukturuna tab gətirə bilmir. Özəl provayderlərin imkanlarından istifadəyə də qadağa qoyulub. Fiziki, hüquqi şəxslərə genişzolaqlı internet çəkmək üçün yeraltı kabel kanal strukturunda şərait yaradılmır. Bu səbəbdən də insanlar köhnə texnologiyadan hələ də istifadə edirlər. Bu texnologiyanın adı ADSL-dir.

Son statistikalara baxanda görmək olar ki, Azərbaycanda orta internet sürəti nəinki dünyanın orta statistik göstəricilərindən, həmçinin də qonşu ölkələrdəki mövcud rəqəmlərdən aşağıdır. Pis olan isə odur ki, orta sürətlə bağlı rəqəmlər son illərdə pisliyə doğru dəyişib. Qeyd etdiyim kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aydın bir plan yoxdur ki, ölkə boyu genişzolaqlı internet infrastrukuru konkret illər üzrə necə inkişaf etməlidir? İnvestisiyanı kim qoymalıdır? Özəl və dövlət provayderləri yalnız rayon mərkəzlərində primitiv bir ADSL infrastruktur qurublar və onunla da kifayətləniblər. Heç kim kəndlərə getmək, müasir texnologiyalarla normal infrastruktur qurmaq istəmir. Desəm ki NRYTN heç nə etmir, doğru olmazdı. Mövcud kabel-kanal sistemi qaydaya salınsa da, əslində, hələlik özəl provayderlər ora yaxın buraxılmırlar. NRYTN bir neçə rayonda və Bakı ətrafında genişzolaqlı internetin inkişafı ilə bağlı müəyyən işlər aparır və bəzi layihələr də təsdiqlənib. Bəs ölkənin qalan 5 min kəndi necə olacaq? Əhalinin yarısından çoxu kəndlərdə yaşayır, onlara nə zaman keyfiyyətli internet çatacaq?".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır