Yeni Orleanda Hard Rock otelinin tikilməkdə olan binasının bir hissəsi çöküb, ölənlər var

  • 14 Oktyabr 2019

Bazar günü ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində bədbəxt hadisə baş verib. “Hard Rock” otelinin tikilməkdə olan binasının bir hissəsi naməlum səbəbdən çöküb. Nəticədə inşaatda çalışan iki işçi həlak olub, daha biri dağıntılar altında qalıb. Ümumilikdə, baş verən hadisədən 30-a yaxın adam zərər çəkib.

Chip.az AZƏRTAC -a istinad edərək, xəbər verir ki, Yeni Orleanın meri Latoyya Kantrell insidentlə bağlı ətraflı təhqiqat aparılacağına söz verib.

Yeni Orleanın yanğınsöndürmə xidmətinin rəisi Tim Makkonnell hadisənin baş verdiyi ərazi yaxınlığında keçirilən mətbuat konfransında bildirib ki, axtarış-xilasetmə briqadaları xilasetmə işlərindən ötrü binaya qayıdıblar. “İnsanların axtarışı və xilası hazırda bizim üçün birinci dərəcəli vəzifədir”, - deyə Makkonnell bildirib. O deyib ki, binada bütün tikinti işləri dayandırılıb.

Makkonnell vurğulayıb ki, inşaatda istifadə olunan böyük kran maşını hadisə nəticəsində yararsız vəziyyətə düşüb. Qeyd edilib ki, inşaat şirkəti binanın möhkəmlətmə işlərini həyata keçirməyə və tikintini davam etdirməyə başlayacaq. Binada aparılacaq tənzimləmə işlərindən ötrü gecə ərzində şəhərə Baton-Rujdan 110 tonluq nəhəng kran gətirilib.

“Citadel Builders” şirkətinin nümayəndəsi Brayan Traşer bildirib ki, şirkət binanın möhkəmləndirilməsi üçün şəhərin hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, binanın uçmasının səbəbi istintaq zamanı bəlli olacaq. İlkin hesablamalara görə, hadisə zamanı tikintidə 110-dan çox işçi olub.

“Hard Rock International”ın nümayəndələri bəyan ediblər ki, otellər şəbəkəsinin administrasiyası tikinti layihəsinin idarə olunmasında iştirak etməyib, bina hazır vəziyyətdə təhvil verilməlidir. Şirkətin administrasiyası hadisədə həlak olanların ailələrinə başsağlığı verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır