Microsoft Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək

  • 12 Oktyabr 2019

“Microsoft” şirkətinin təhsil proqramları meneceri Emin Axundov Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyevlə görüşüb.

Chip.az xəbər verir ki, görüşdə Vilayət Vəliyev universitetdə aparılan islahatlardan danışıb və əməkdaşlıqdan məmnun olduğunu bildirib. Rektor kompüter elmləri, informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrin bu sahədə inkişafını təmin etmək üçün zəruri olan məsələlərdən söz açıb.

İnformasiya texnologiyaları sahəsindəki yeniliklərdən danışan qonaq “Microsoft” şirkətinin fəaliyyəti, proqramları, keçirilən müsabiqələr barədə məlumat verib. Qeyd olunub ki, şirkət on beş ildən çoxdur Azərbaycanda fəaliyyət göstərir. Bu müddət ərzində müxtəlif proqramlar, innovasiyalar və yeni sistemlər yaradılıb. AzTU-nun yüksək potensialını vurğulayan Emin Axundov universitetlə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

Daha sonra əməkdaşlıq şərtləri müzakirə olunub və ilkin razılıqlar əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır