Boeing-in rəhbəri direktorlar şurasının sədri vəzifəsindən azad edilib

  • 12 Oktyabr 2019

“Boeing” korporasiyasının rəhbəri Dennis Melenberq direktorlar şurasının sədri vəzifəsindən azad edilib, onun yerini isə Devid Kelhun tutub.

Chip.az AZƏRTAC -a istinad edərək xəbər verir ki, bu barədə məlumat kompaniyanın bəyanatında yer alıb. Sənədə əsasən, Melenberq əvvəlki kimi korporasiyanın baş direktoru və prezidenti postunda qalacaq.

Bəyanatda, həmçinin bildirilir ki, “Boeing” şirkəti direktorlar şurasının sədri və korporasiya rəhbəri vəzifələrini bir nəfərin tutması praktikasından imtina edir. Orada belə hesab edirlər ki, bu, Melenberqə bütün vaxtını “Boeing 737 MAX” təyyarələrinin təhlükəsiz şəkildə istismara qayıtması üçün çalışan kompaniyaya rəhbərliyə həsr etməsinə imkanı yaradacaq.

Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi bu il martın 10-da Efiopiya paytaxtının yaxınlığında qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində isə 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.

Efiopiyada baş verən qəzadan sonra bir çox ölkələr, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətləri “Boeing 737 MAX” təyyarələrinin istifadəsindən imtina edib və bu laynerlər üçün öz hava məkanlarını bağlayıb. “Boeing” kompaniyasının rəhbəri Dennis Melenberq hər iki təyyarənin MCAS (Maneuvering Characteristics Augmentation System – Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sisteminin işində nasazlıq olduğunu etiraf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır