Komitə sədri: Bakıda yataqxanalardakı elektrik naqillərinin vəziyyəti öyrənilib

  • 10 Oktyabr 2019

“Yataqxanalarda baş verən yanğınlarla bağlı araşdırmalar aparılır”. 

Chip.az APA-ya istinad edərək, xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, bu hadisələr hansısa ehtiyatsızlıqdan baş verir: "Yataqxanalarda naqillər çox həssas olduğu üçün belə hallar baş verir. Məcburi köçkünlər ehtiyatlı davranmalıdırlar". 

O həmçinin qeyd edib ki, yataqxanalarda baş verən yanğınlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb.

Rövşən Rzayev bildirib ki, Bakı şəhərində yataqxanalardakı elektrik naqillərinin vəziyyəti öyrənilib. 

Onun sözlərinə görə,  Baş nazirin müavini Əli Əhmədovun tapşırığı ilə komissiya yaradılıb. Komissiya Bakı şəhərindəki bütün yataqxanaların elektrik naqillərinin vəziyyətini araşdırıb: “Onların təmiri ilə bağlı lazım olan vəsait aydınlaşdırılıb və komissiyanın rəyi hazırda Nazirlər Kabinetinə təqdim olunub".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır