Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

  • 10 Oktyabr 2019

Chip.az bildirir ki, “Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkətinin iştirakı ilə Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib. Konsorsiumun təsis olunması haqqında müqavilə Bakıda keçirilmiş “3-cü Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” adlı konfransda Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, PAŞA Bank, B.EST Solutions və magistral internet provayder “AzerTelecom” şirkəti arasında imzalanıb.

Konfransda çıxış edən “AzerTelecom” şirkətinin Baş direktoru Fuad Allahverdiyev Konsorsiumun dövlət və özəl sektor arasında davamlı inkişaf istiqamətində əməkdaşlıq üçün yeni imkanlar açacağını bildirib. “Konsorsiumun qurulması Azərbaycanın regionda Rəqəmsal Qovşaq olaraq mövqeyinin daha da güclənməsi, rəqəmsal texnologiyaların müxtəlif sahələrdə tətbiqinin daha da genişlənməsinə töhfə verəcək. “AzerTelecom” şirkəti olaraq istər rəqəmsal infrastrukturdan istifadə, istərsə də Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün icra edilən “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Konsorsiuma dəstəyin verilməsinə hazırıq” - deyə Fuad Allahverdiyev qeyd edib.

“AzerTelecom” şirkətinin rəhbəri həmçinin şirkət tərəfindən Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən “Azerbaijan Digital HUB” proqramı barədə danışıb. Bildirilib ki, proqramın məqsədi Azərbaycanın hazırki sahib olduğu enerji və nəqliyyat mərkəzləri statuslarına əlavə olaraq ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və digər ətraf regionlar üçün rəqəmsal mərkəzə çevirmək, iri infrastruktur layihələrini icra etmək və son nəticədə Azərbaycanın İKT sisteminin inkişafı, rəqəmsal ekosistemin formalaşmasına nail olmaqdıq.

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunun yaradılması haqqında 4 tərəfli müqavilə ilk dəfə olaraq Asan İmza vasitəsilə onlayn olaraq imzalanıb. Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş konfransda ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır