13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır

  • 09 Oktyabr 2019

Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin (EduExpo) fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır.

Chip.az AZƏRTAC -a istinad edərək, xəbər verir ki, bunu sərginin mətbuat konfransında “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə söyləyib. O bildirib ki, sərgidə “Rusiyada təhsil” layihəsi çərçivəsində təhsil sahəsində “VR” texnologiyaları təqdim ediləcək və “Laboratoriya işinin virtual reallıq formatında nümayişi (VR)” adlı təqdimatda məhsullar əyani şəkildə nümayiş olunacaq. Sərgidə debüt edən “leXsolar GmbH” şirkəti bərpa olunan enerji mənbələri ilə işləyən trenajor sistemlərini nümayiş etdirəcək. “Sevindirici haldır ki, sərgidə yerli layihəçilər tərəfindən də təhsil sahəsində bir sıra yeni texnologiyalar təqdim olunacaq”, - deyə Bəhruz Hidayətzadə qeyd edib.

Xatırladaq ki, oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək. Sərgiyə dünyanın 22 ölkəsindən 150-dək iştirakçı qatılacaq. Təhsil sərgisi ölkədə və regionda təhsil sahəsinə həsr olunan və aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə məsləhətçi şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq tədbirdir.

Sərginin baş sponsoru “Kapital Bank”dır. Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənən sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər