INNOLAND və AzerGold QSC-nin akselerasiya proqramında iştirak edəcək startaplar müəyyənləşib

  • 09 Oktyabr 2019

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə birgə təşkil olunan akselerasiya proqramına seçimlər keçirilib.

Chip.az xəbər verir ki, cari il avqustun 14-dən sentyabrın 29-dək proqramda iştirak üçün qeydiyyatdan keçən 8 startap komandası prototipi mövcud və ya inkişaf mərhələsində olan, müəyyən bazar seqmentinə aid faydalı innovativ həllər təklif ediblər.

Tədbir zamanı “AzerGold” QSC-nin aidiyyəti şöbələrinin rəhbərləri və “INNOLAND”ın nümayəndələrindən ibarət münsiflər heyəti istehsalat proseslərinin optimallaşdırılması, ixtisasların potensial inkişafı, bacarıqların artırılması, aparıcı texnologiya, avadanlıq və həll yollarından istifadə edilməsi kimi müxtəlif meyarlar üzrə startapları qiymətləndiriblər.

Yekunda ən yüksək bal toplayan “Join B2B”, “Buqelemun”, “Təmiz hava”, “Bioqaz” və “Kitablı” startapları növbəti mərhələyə keçərək proqramda iştirak etmək hüququnu və layihələrini reallaşdırmaq imkanını əldə ediblər. Üç ay davam edəcək proqram çərçivəsində startap komandalarına hər həftə müxtəlif təlimlər keçiriləcək, tapşırıqlar veriləcək. Həmçinin “AzerGold” QSC-nin aidiyyəti şöbələrinin rəhbərləri mentor qismində mütəmadi olaraq startapçıları dəstəkləmək və istiqamətləndirmək məqsədilə görüşlər keçirəcəklər.

Proqramı uğurla bitirən startaplar “AzerGold” QSC ilə birbaşa əməkdaşlıq imkanını əldə etməklə yanaşı 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq imkanını da əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər