Elektron dərslik portalı ölkənin ən çox izlənən saytları sırasında

  • 09 Oktyabr 2019

Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalı (www.e-derslik.edu.az) ölkə üzrə saytların reytinq cədvəlində son bir ay ərzində 80 pillə yüksələrək 51-ci olub.

Chip.az xəbər verir ki, sentyabr ayı ərzində portala giriş sayı 332 min 130-a, səhifələrə ümumi baxış sayı isə 2 milyon 748 min 408-ə çatıb.

Cari ilin ilk 9 ayı ərzində e-derslik portalına giriş sayı 1 milyon 754 min 280, səhifələrə ümumi baxış sayı isə 14 milyon 625 min 792 olub. 2018-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 milyon 37 min 849 və 8 milyon 163 min 538 təşkil edib.

Hazırda məzmun və dizayn baxımından təkmilləşdirilmiş dərsliklərin elektron formatda hazırlanıb portalda yerləşdirilməsi prosesi davam etdirilir. Artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 7-si olmaqla ümumilikdə 22 dərslik yeniləri ilə əvəzlənib.

Qeyd edək ki, portalda 231 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 255 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 27-yə çatdırılıb.

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır