2 dənə post paylaşmaqla SMM işi görülmür, ən azı 3 dənə olmalıdır

  • 07 Oktyabr 2019

2 dənə post paylaşmaqla SMM işi görülmür, ən azı 3 dənə olmalıdır.

Chip.az bu mövzu ilə bağlı rəqəmsal marketinq mütəxəssisi Samir Həbiblinin Medium  platformasında paylaşdığı blog yazını sizə təqdim edir.

"Daha effektiv, ölçüləbilən və münasib olduğuna görə artıq bütün şirkətlər Rəqəmsal marketinqə baş vurur. Sevindirici haldır ki, bir çox böyük yerli şirkətlər rəqəmsal dönüşümünü (bax: Digital Transformation ) uğurla tamamlayıb. Hətta bizim ölkədə marketinqə göstərilən maraq və görülən işlər istər kreativlik, istərsə də dizayn baxımından digər ölkələrdən heç də geri qalmır. Hətta çox zaman üstələyir.

Şirkətlər tərəfindən olan bu tələbat bir çox şəxsin SMM-ə baş vurmasına və girişimci gənclərin agentlik açmasına stimul verdi. Lakin portfoliosu, kreativliyi, innovativ heç bir həlli olmayan agentliklər aşağı qiymət strategiyası ilə bazara girməyə çalışdılar. Hazırda bu vəziyyət elə bir hala gəldi ki, bu xidməti aylıq 100 AZN-ə, hətta kredit ilə təklif edənlər var. Bunun nəticəsində isə bu iş və peşə müştərilər tərəfindən ucuz bir işmiş kimi qəbul olundu.

Sosial media şirkətin aynasıdır. Düzgün təmsil olunmursa, olmasa daha yaxşıdır.

Şirkət haqqında heç bir məlumatı olmayan potensial müştəri ilkin tanışlıq üçün sosial mediaya baş vurur. Markanın necə təmsil olunduğunu gördükdən sonra şirkət haqqında təəsüratları yaranır. Paint-də hazırlanmış şəkilləri, qeyri-peşəkar yazılmış başlıqları ilə sözügedən şirkət nəinki müştəri qazanmaq, əksinə itirmiş olur. Yəni araşdırma edən şəxsin müştəri olmaq istəyi olmuşsa belə artıq seçimi daha peşəkar təmsil olunan markalardan yana olacaq. Çünki onlar öz xidmətlərini arxa tərəfdə mükəmməl etsə belə, müştəri peşəkar olmayan mənzərə ilə qarşılaşır. Ona görə də marka Sosial mediada düzgün təmsil olunmursa, orada olmamaq daha yaxşıdır.

İşin əsası marketinqdir. Sosial media vasitədir.

Marketinq kreativlik, yenilik, innovativ həll və doğru qurulmuş kommunikasiyadır. Düzgün qurulmuş kommunikasiya ilə siz, potensial müştərinizin qarşısına doğru zamanda və ehtiyacı olduğu həll ilə çıxmış olursunuz. Markanın sosial mediada təmsil olunması üçün rəqəmsal marketinq strategiyası qurulmalıdır. İlkin tanışlıq üçün bu haqqda yazdığım Effektiv Sosial Media Marketinq üçün 5 təməl addım bloq yazım ilə tanış ola bilərsiniz.

Bəzən agentliklərin müştərilərə təklifləri arasında aylıq 30 paylaşım və s. kimi punktlara rast gəlirəm. Bu qənaətə hardan gəldikləri maraqlıdır ki, həmin markanın aylıq 30 paylaşıma ehtiyacı var?!

Bu nəticəyə müştərinin tələbi və ya agentliyin üstünlük kimi göstərdiyi təklifdən gəlinmir. Məzh, qurulmuş strategiya əsasında məlum olur ki, həmin şirkətin hədəf kütləsi üçün hansı intervalda paylaşım etmək lazımdır.

Bəzi şirkətlər həftədə və ya ayda 1 dəfə (Bax: Oreo) paylaşım edərək, bəziləri isə gündə 5–6 paylaşım edərək maksimum nəticəni əldə edə bilir(Bax: Red Bull). Paylaşımlar isə müştərinin istəyinə uyğun məzmun növlərinə görə ayırılsa uğurlu nəticə əldə oluna bilər. (Məzmun növləri haqqında bloq yazım)

Ümumiləşdirsək, “2 post paylaşmaqla” Sosial Media (SM) işi görmək mümkündür. Lakin marketinq (SMM) nümayiş etdirmək istəyiriksə işə peşəkar yanaşmaq lazımdır. Çünki rəqəmsal marketinq çoxşaxəli, hər gün yenilənən, biznesə əvəzsiz dəyər qatan, önəmli sahədir."

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır