Bakı Metropoliteni təlim-tədris mərkəzini istifadəyə verib

  • 03 Oktyabr 2019

"Bakı Metropoliteni" QSC kadr hazırlığı, təhsil-tədris prosesinin müasir və fərqli imkanlar yaratmaq məqsədilə təlim-tədris mərkəzini əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verib.

Chip.az APA-ya istinadən xəbər verir ki, çoxşaxəli infrastruktura malik və mürəkkəb spesifik xüsusiyyətləri ilə seçilən Bakı metropoliteni üçün zəruri olan peşələr və ixtisaslar üzrə kadr hazırlığının mükəmməl səviyyəyə çatdırılması istiqamətində ən əhəmiyyətli addımlardan biri kimi, təlim və tədris bazası müasir dövrün tələbləri səviyyəsinə çatdırılıb.

Mərkəzin mərkəzləşdirilmiş havalandırma, isitmə-soyutma, həmçinin müasir yanğın təhlükəsizliyi, yanğın su hovuzu sistemləri qurulub.

Təlim-tədris mərkəzinin ən əhəmiyyətli texnoloji yeniliklərindən biri qatar trenajorudur. Təlimlər "81-765" tipli qatarların bazasında yaradılan trenajorda aparılacaq. Rusiyanın bu sahədə ixtisaslaşmış "Loqos" şirkətinin məhsulu olan trenajor tam interaktiv şəkildə Bakı metropoliteninin xətlərinin real məkan və zaman rejimində müasir qrafik təsvirlər vasitəsilə işlənib.

Mərkəzin orta sahəsində yerləşdirilmiş vaqon tipli guşələr təlim-tədris mərkəzində təlimlərin həyata keçiriləcəyi ən əhəmiyyətli sahələrdir. Hər bir guşə əhatə etdiyi sahənin özəlliklərini, texniki xüsusiyyətlərini özündə əks etdirməklə ən müasir texnoloji tələblər səviyyəsində  əyani vəsaitlərlə təchiz edilən nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnməyin ideal məkanıdır. Burada divarlar boyunca sahələrin və struktur vahidlərinin fəaliyyət spektrini əhatə edən və ən çeşidli məlumatlarla zənginləşdirilmiş statik lövhələr yerləşdirilib. Hər guşədə monitorlar quraşdırılıb və bu, informasiya-kommunikasiya texnologiyalarının müasir imkanları çərçivəsində  mümkün formatların köməyi ilə tədris prosesinin daha canlı və dərindən, bütün detalları ilə mənimsənilməsinə şərait yaradır.

Tədris mərkəzində, ümumilikdə, xüsusi sifarişlə hazırlanan 15 maket və 100-dən artıq əyani-praktiki tədris vəsaitləri yer alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır