Azərbaycan dilindəki Vikipediya-da məqalələrin sayı 150 mini keçib

  • 01 Oktyabr 2019

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) strukturunda 2015-ci ildə Sərbəst ensiklopedik resurslar şöbəsi və şöbənin nəzdində “Vikipediya” Metodik Mərkəzi yaradılıb. “Azərbaycan “Vikipediya”sının işlək modeli” tərtib və tətbiq edilib, “Youtube” sosial şəbəkəsində “Vikipediyada məqalələrin yaradılması” mövzusunda Azərbaycan dilində videotəlimatlar yerləşdirilib. Həmçinin vikiqaydalar ingilis dilindən Azərbaycan dilinə tərcümə olunub və istifadəyə verilib, “Facebook”da “Qorqud” vikiqrupu yaradılıb, AMEA və kənar müəssisələrə, ali məktəblərin müəllim və tələbə heyətinə çoxlu təlimlər keçirilib. Nəticədə dörd il ərzində Azərbaycan “Vikipediya”sında məqalələrin sayı 150 mini keçdi və 62-ci pillədən 51-ci pilləyə irəlilədi, məqalələrin dərinliyi 32-yə, fəal istifadəçilərin sayı 548-ə çatdı, bu göstəricilərin cəmi isə Azərbaycan haqda məlumatların daha dolğun və akademik tərzdə internet istifadəçilərinin ixtiyarına verilməsinə gətirib çıxardı.

Bunu “Kitabxanalar mobil informasiya mərkəzi kimi” mövzusunda keçirilən beynəlxalq konfransda MEK-in direktoru Leyla İmanova söyləyib.

Chip.az Azərtac-a istinad edərək xəbər verir ki, Leyla İmanova “İnformasiya təhlükəsizliyinin təmin olunmasında “Kitabxanada açıq ensiklopedik resurslar (Vikipediya)” modelinin tətbiqi” mövzusunda məruzə edib. O, “Vikipediya”nın əsas informasiya axtarış sistemlərinin məlumat sorğusunu çevik cavablandırması və “Vikipediya”nın informasiya müharibəsində Azərbaycanın zəif nöqtəsi olması səbəblərindən kitabxananın 2015-2019-cu illər üçün nəzərdə tutulmuş strategiyasının əsas hədəflərindən birinə çevrilməsindən danışıb.

Bildirilib ki, MEK-in “Vikipediya” Metodik Mərkəzinin vikikönüllüləri tərəfindən dünyanın müxtəlif dillərində Azərbaycan tarixi və mədəniyyətinə dair vikiməqalələr hazırlanıb və yerləşdirilib. Bu işdə “Şəms” tərcümə mərkəzinin və MEK əməkdaşlarının xüsusi rolu olub.

Leyla İmanova vikihərəkatın Azərbaycanın ali məktəblərində də başlamasını, Milli Aviasiya Akademiyasında vikimərkəzin yaradılmasını, Azərbaycan İlahiyyat İnstitutunda və Bakı Dövlət Universitetində vikimərkəzlərin yaradılması üzrə aparılan işləri xüsusi qeyd edib.

O, Berlin Humbolt Universitetinin professoru, kitabxana-informasiya mərkəzinin direktoru, İFLA-nın 12 il ərzində sədri olmuş xanım Klaudia Luksun MEK-in “Vikipediya” fəaliyyətinə dair söylədiyi fikirləri diqqətə çatdırıb: “Mərkəzi Elmi Kitabxananın yaratdığı “Vikipediya”nın işlək modeli və alqoritmi çox önəmli bir nailiyyətdir və mən elə bir kitabxana tanımıram ki əvvəllər bunu etmiş olsun. Hesab edirəm ki, MEK bu işin zirvəsindədir. MEK bir kitabxana kimi yalnız biliklərin toplanılması deyil, həmçinin yeni biliklərin istehsalı ilə də məşğuldur. Bu, mənim növbəti çıxışlarımda istənilən yerdə haqqında bəhs edəcəyim mükəmməl nümunədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır