Çin hərbi paradda yeni silah və texnikalarını təqdim edib

  • 01 Oktyabr 2019

Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 70-ci ildönümü münasibətilə oktyabrın 1-də Pekində, Tainanmen meydanında keçirilən hərbi paradda Çin bir neçə yeni silah və hərbi texnikasını ilk dəfə ictimaiyyətə təqdim edib.

Chip.az AZƏRTAC -a istinad edərək xəbər verir ki, yalnız yerli istehsal silah və hərbi texnikanın nümayiş etdirildiyi paradda ilk dəfə təqdim olunan silahlar arasında "Dongfeng-41" adlı qitələrarası strateji ballistik raket kompleksi də var. Hərbi paradda Çin nüvə-raket qüvvələrinin əsasını təşkil edən 16 ədəd "Dongfeng-41" kompleksinin keçidi olub.

Bundan başqa, orta və kiçikmənzilli "Dongfeng-17" raketləri, yeni Z-20 helikopteri, uzaqmənzilli H-6N strateji bombardmançı təyyarəsi, H-6K orta və qısamənzilli bombardmançı təyyarəsi, CJ-100 səsdən sürətli qanadlı raketi, YJ-18 və YJ-18A gəmi əleyhinə qanadlı raketləri, JL-12 sualtı strateji raketi, çoxmənzilli və fərqli yüksəklikdə uçmaq imkanı olan pilotsuz uçuş aparatları (dron) və s. ilk dəfə bu hərbi paradda geniş ictimaiyyətə təqdim olunub.

Paradda, habelə Çinin informasiya texnologiyaları üzrə hərbi bölmələri də ilk dəfə geniş ictimaiyyət qarşısına çıxarılıb. Bu bölmələr informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə etməklə Çin Xalq Azadlıq Ordusunun birləşmələrinə döyüşdə dəstək məqsədi daşıyır. Bölmə həm də meteoroloji, hidroloji müşahidələr və topoqrafik araşdırmalar aparmaq, xəritə və naviqasiya xidmətləri göstərmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, 15 min hərbçinin cəlb olunduğu paradda 160 hərbi təyyarə və 580 hərbi texnika nümayiş etdirilib. Bu, Çin tarixində ən böyük hərbi parad olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır