Şimali Kipr televiziyası Azərbaycanla bağlı proqram yayımlayıb

  • 28 Sentyabr 2019

Şimali Kiprdə fəaliyyət göstərən “Kanal T” televiziya kanalı sentyabrın 27-də Azərbaycana həsr olunmuş xüsusi proqram yayımlayıb.

Chip.az azərtac-a istinad edərək xəbər verir ki, canlı yayında tanınmış teleaparıcı Mahmud Doğanın hazırladığı proqramın qonağı Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) sədri Orxan Həsənoğlu olub. Aparıcının suallarını cavablandıran O.Həsənoğlu, son illər Azərbaycanda aparılan köklü quruculuq işlərindən və islahatlardan söz açıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlardan bəhs edən O.Həsənoğlu Azərbaycanın dövlət başçısının mətin siyasi iradəsi sayəsində həyata keçirilən beynəlxalq iqtisadi layihələrdən, xarici dövlətlərlə qurulan diplomatik münasibətlərdən, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığın uğurlu nəticələrindən danışıb. Qeyd olunub ki, artıq Azərbaycan sadəcə bölgədə deyil, eyni zamanda, dünya birliyində sayılıb-seçilən qüdrətli bir dövlətə çevrilib. Ermənistanın işğalçılıq siyasəti ucbatından Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmamasına baxmayaraq, ölkəmizin sürətli inkişafı 2019-cu ilin ötən dövründə də davam edib.

AKDC-nin sədri Orxan Həsənoğlu bildirib ki, Azərbaycan artıq beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi sahəsində də aparıcı ölkəyə çevrilib. İstənilən irihəcmli layihələrin ölkəmizdə reallaşması üçün münbit şərait yaradılıb. Xarici sərmayəçilər bölgədə ən çox investisiyanı Azərbaycana qoyub. Bu da ölkəmizə və dövlətimizin başçısının yürütdüyü siyasətə etimaddan irəli gəlir.

Xəzərin hüququ statusunun müəyyən edilməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli haqda sualları cavablandıran cəmiyyət sədri bildirib ki, Dağlıq Qarabağ münaqişəsi bölgədə sadəcə Azərbaycanın problemi deyil. Regionda sülh və inkişafa mane olan Ermənistan qonşu ölkələr arasında da etibarsız tərəf və mənfur qonşu kimi tanınır. Onlar zaman-zaman Gürcüstan torpaqlarına da iddia qaldırırlar. BMT başqa olmaqla, bir çox beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasətindən əl çəkməsini tələb etsələr də, təcavüzkar ölkənin hakimiyyəti heç bir zaman xoş niyyətli çağırışlara müsbət cavab verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır