Bu il Azexport.az portalına 400 mln. dollara yaxın ixrac sifarişləri daxil olub

  • 27 Sentyabr 2019

Bu ilin yanvar-avqust aylarında Azexport.az portalına 399,3 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Chip.az bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında ixrac sifarişləri 8,8% artıb: "2019-cu ilin avqust ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 52,7 mln. dollar təşkil edib və ötən ilin avqust ayı ilə müqayisədə 2,3%-lik artım qeydə alınıb. Cari ilin yanvar-avqust aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (11,4%), Türkiyə (5,8%), ABŞ (5,8%), Hindistan (5,5%) və İngiltərə (5,2%) qərarlaşıb".

Bu ilin avqust ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq məhsulları, tütün, şərab, toyuq əti, yumurta, soğan, meyvə şirəsi, qənnadı məhsulları, tikinti materialı, xiyar, çay, qurudulmuş meyvə, zəfəran, bal, meyvə tamlı süd, qablaşdırılmış mineral su, mühərrik yağı, mebel dəsti, gül və s. mallara daxil olub.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 avqust tarixinə kimi (32 ay ərzində) Azexport.az portalına dünyanın 136 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1,388 mln. dollar təşkil edib.

Mərkəzin departament rəhbəri əlavə edib ki,  bu ilin sentyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 7,7 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 99,4 mln. dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır