Azərkosmos xidmətlərin ixracından əldə etdiyi gəliri kəskin artırıb

  • 27 Sentyabr 2019

Bu ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 28 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Chip.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.

"Bu ilin avqust ayında “Azərkosmos” ASC dünyanın 18 ölkəsinə 2,5 mln. ABŞ dolları dəyərində xidmət ixrac edib. "Azərkosmos" ASC-nin 2019-cu ilin yanvar-avqust aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya və Birləşmiş Ərəb Əmirlikləridir", - deyə R. Hüseyn qeyd edib.

Qeyd edək ki, ötən ilin ilk səkkiz ayı ilə müqayisədə cari ilin yanvar-avqustunda peyk xidmətinin ixracında əldə olunan gəlir 12,7 mln. dollar və 83% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır