Çinin ilk aeroportu fəaliyyətini dayandırıb

  • 27 Sentyabr 2019

Çində 1910-cu ildə inşa olunmuş və ölkənin ilk aeroportu olan Nanyuan mülki hava limanı fəaliyyətini dayandırıb.

Chip.az Azərtac-ın verdiyi xəbərə istinad edərək bildirir ki, Nanyuan aeroportundan mülki uçuşlar həyata keçirən aviasiya şirkətləri paytaxtda yenicə istifadəyə verilmiş Dasin  beynəlxalq hava limanına köçürülüblər. Bununla da 109 yaşı olan Nanyuan aeroportu mülki uçuşlar uçun qapalı elan edilib. Hava limanı bundan sonra yalnız hərbi təyyarələrin uçuşları üçün istifadə olunacaq.

Qeyd edək ki, sentyabrın 25-də Pekinin cənub hissəsində dünyada ən böyük sərnişin terminalına malik olan Dasin aeroportu istifadəyə verilib. Məşhur memar Zaha Hadidin dizayn layihəsi əsasında inşa olunmuş hava limanının 4 uçuş-enmə zolağı ildə 620 min təyyarə qəbul edib, yola sala biləcək. Hava limanının illik sərnişin ötürmə gücünün 2021-ci ilədək 45 milyona, 2025-ci ilədək 72 milyona, 2040-cı ildə isə 100 milyona çatacağı gözlənilir. İnşası 80 milyard yuana (təxminən 11,7 milyard ABŞ dolları) başa gələn bu meqalayihə paytaxtda artan sərnişin tələbatı nəzərə alınaraq tikilib. Pekində hazırda sərnişin ötürmə qabiliyyətinə görə ABŞ-ın Atlanta şəhərindəki Harstfild-Cekson hava limanından sonra dünyada ikinci ən böyük olan Paytaxt beynəlxalq aeroportu da fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır