Sosial mediada xərçəngə qarşı ümid yaradan Neslican bu dəfə xəstəliyə qalib gələ bilmədi

  • 21 Sentyabr 2019

Bir neçə ildir xərçəngdən əziyyət çəkən, xəstəliyə üç dəfə qalib gələn universitet tələbəsi Neslican Tay dünən müalicə olunduğu xəstəxanada vəfat edib.

Chip.az xəbər verir ki, klinikadan verilən məlumata görə, 20 yaşlı gənc qız saat 21:20-də həyata gözlərini yumub. O, vəziyyəti ağır olduğundan bir neçə gün əvvəl reanimasiya şöbəsinə yerləşdirilmişdi. Ancaq hər kəs Nəslicanın yenidən ayağa qalxacağına inanırdı. 

Həyatı çox sevən gənc qız bir an olsun belə məğlub olacağını düşünməmişdi. Əzmlə, fədakarlıqla, sevgi ilə həyata bağlanmışdı. Bu dəfə də xərcəngə qalib gələcəyinə çox inanırdı. Xəstəlik səbəbindən ayağı amputasiya olunsa belə yaşamaq eşqi sönməmişdi. Bu səbəbdən 3 dəfə xərcəng xəstəliyinə qalib gəlməyi bacarmışdı. Lakin bu dəfə alınmadı. Bu xəbər internet fenomeni olan gənc qızın bir milyona yaxın izləyicisini kədərləndirdi.

Neslican deyirdi: ''Bəlkə də məğlub olacam, amma mübarizə apararaq məğlub olmuş olacam''

Həqiqətən də onun əzmi, mübarizəsi və həyata qarşı ümidlə gülümsəməsi bu xəstəlikdən əziyyət çəkən hər kəsə nümunə oldu. Özü həyatda olmasa da, etdiyi mübarizə insanlara hər zaman güclü qalmağı və ümidsizliyə qapılmamağı öyrətdi.

 

Onu da qeyd edək ki, qan xərçəngindən əziyyət çəkən Cavid Abbasov da dünən Türkiyədə vəfat edib. C.Abbasov “Mediagroup”un təsisçisi, idarə heyətinin sədri və icraçı direktoru olub.

Bəs xərçəngə yoluxmamaq üçün nələr etməliyik?

Xərçəngin yaranmasının səbəbi hüceyrələrin bölünməsi zamanı DNT quruluşunun dəyişməsi və fərqli hüceyrələrin yaranmasıdır. Mütəxəssislər qeyd edir ki , 80-90 % hallarda xərçəng xəstəliyinin yaranma səbəbləri – həyat tərzi, qidalanması, sosial və mədəni fəaliyyəti ilə bağlıdır. 

ABŞ-ın milli xərçəng əleyhinə institutun məlumatına görə, 30 % hallarda xərçəngin yaranma səbəbkarı siqaret çəkmə, 35 % hallarda qidalanma xüsusiyyətləri, 10% hallarda infeksiya (papiloma virusu, epişteyn- bar virusu, helikobakter, HİV, hepatit B, C virusları və s.), 4% hallarda istehsalat mühiti, 2-3% hallarda ətraf mühitin çirklənməsi, 19% isə digər faktorlardır.

Sağlam qidalanma, fiziki aktivlik və bədən çəkisini normal saxlamaqla xərçəngin yaranma riskini 30-40% azaltmaq mümkündür.

Məkanınız cənnət olsun!

 

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır