Süni intellektli ilk Avropa peyki buraxılışa hazırdır

  • 17 Sentyabr 2019

Bir neçə aydan sonra süni intellektlə təchiz edilən ilk Avropa peykinin buraxılışı planlaşdırılır.

Chip.az Ict.az-a istinadən xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, Yer səthinin yeni müşahidə peyki məlumatların planetdən və əksinə göndərilməsi üzrə effektivliyi artıra bilər.

“PhiSat” adlı inqilabi süni intellekt texnologiyası “FSSCat” missiyasının iki kubsatının (Yerin kiçik ölçülü süni peyki) birində göndəriləcək. Missiya İspaniyanın Kataloniya Politexnik Universiteti tərəfindən təklif edilib və Avropanın şirkət və institutlarının daxil olduğu konsorsium tərəfindən hazırlanıb. İki kiçik kubsat müasir ikiqat mikrodalğalı və hiperspektral optik alətlərdən istifadə edərək məlumatlar toplayacaq. Bundan başqa, onlar peyklərarası rabitə texnologiyası üzrə bir sıra eksperimentlər aparacaqlar.

Avropa Kosmik Agentliyi kosmosda süni intellektin potensialının nümayiş olunması üçün missiyanı növbəti səviyyəyə qaldırmaq məqsədilə tərəfdaşlarla birgə “PhiSat” texnologiyasının hazırlanması üzərində işi davam etdirir.

Kosmik gəmi kosmosda süni intellektə malik ilk Avropa aparatı olacaq. Kubsatlar Yer kürəsinin şəkillərinin çəkilməsi ilə məşğul olacaqlar. Onların bəziləri isə, bulud örtüyünə görə tədqiqatlar üçün əlverişsiz olacaq. Bu korlanmış təsvirlərin Yerə ötürülməsinin qarşısının alınması üçün süni intellektə malik çip onları filtrdən keçirərək ən yaxşılarını seçəcək. Çox güclü alət terabaytlarla məlumat toplayacaq. Onlardan gələcəkdə, məsələn, bitki örtüyündəki dəyişikliklərin monitorinqi və suyun keyfiyyətinin qiymətləndirilməsi üçün istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır