AzerTelecom Caspian Energy Forum Baku-2019-a tərəfdaş qismində dəstək verir

  • 17 Sentyabr 2019

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti sentyabrın 19-da Bakı şəhərində keçiriləcək “9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019” tədbirinə tərəfdaş qismində dəstək verir.

Chip.az xəbər verir ki, “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev bildirib ki, şirkət uzun illərdir “Caspian European Club”u dəstəkləyir və təşkilatla sıx əlaqələrə sahibdir. “Sayca 9-cu olaraq keçiriləcək “Beynəlxalq Caspian Energy Forum Baku-2019” tədbirinin tərəfdaşı olmaqdan məmnunuq. Forum dövlət və özəl sektor, həmçinin beynəlxalq və regional təşkilatlardan olan çoxsaylı nümayəndələri bir araya gətirəcəkdir. Əminik ki, forum ən müxtəlif sahələrdə faydalı fikir mübadiləsinin, müzakirələrin aparılması və yeni biznes əlaqələrinin qurulmasına öz töhfəsini verəcəkdir” - deyə Fuad Allahverdiyev qeyd edib.

“Caspian Energy Club”un birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, ölkənin inkişaf edən telekommunikasiya sektorunda qabaqcıl şirkətlərdən biri olan “AzerTelecom” şirkəti ilə “Caspian European Club” arasında artıq uzun müddətdir səmərəli əməkdaşlıq əlaqələri vardır və bu əlaqələr davamlı şəkildə inkişaf edir. Şirkət “Caspian European Club” tərəfindən keçirilən ən müxtəlif tədbirlərdə yaxından iştirak edir və əməkdaşlığa öz töhfəsini verir.

“9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019” “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik və “Caspian Energy” jurnalının fəaliyyətinin 20 illik yubileyinə həsr olunub. Forumun işində dünyanın 50 ölkəsindən 1500-dən çox nümayəndə iştirak edəcək və forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya neft-qaz sektorunun, sənayenin inkişafı mövzusuna və Azərbaycanda infrastruktur layihələrin həyata keçirilməsinə həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı məsələsinə toxunulacaq və Azərbaycanda investisiyalaşdırma imkanları barədə ətraflı danışılacaq. İkinci sessiyada əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, Azərbaycanın aqrosənaye kompleksinin və turizm potensialının inkişafı barədə geniş hesabat veriləcək.

Caspian European Club barədə: Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var. “Caspian European Club”un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır