Apple yeni iPhone 11 modelləri üçün əvvəlcədən sifariş almağa davam edir. Yeni iPhone-ların sifariş vermə rəqəmləri gözləniləndən qat-qat yüksəkdir.
Chip.az xəbər verir ki, Apple ötən cümə günü yeni iPhone-lar üçün əvvəlcədən sifariş almağa başladı. Apple analitiki Ming-Chi Kuo, cümə günü başlayan iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max üçün əvvəlcədən sifarişlərin gözləntilərdən çox olduğunu bildirən bir hesabat yayıb.
Ming-Chi Kuo, hesabatında Apple-ın onlayn göndərmə təxminlərindən istifadə edib. Kuo, eyni zamanda iPhone 11 və iPhone 11 Pro-a xüsusilə də yeni rəng seçimlərinə tələbatın güclü olduğunu bildirib.
Kuo-nun hesabatına görə ABŞ-da iPhone 11-dən daha bahalı olan iPhone 11 Pro-a daha çox tələbat var. Çin bazarında, iPhone 11 ön sifarişləri, iPhone 11 Pro-nu qabaqlayır. Kuo, sıfır faiz ödəmə planı və mübadilə proqramlarının yeni iPhone modellərinin satışını artırdığını söylədi.
TF Securities, 65-70 milyon yeni iPhone-nin satılacağını təxmin edir. Ancaq əvvəlcədən sifariş rəqəmləri gözləniləndən daha yüksək olduqdan sonra TF Securities də satış proqnozlarını artırdı.
Apple, iPhone 11-i 699 dollar qiymətinə satışa çıxardı. Ming-Chi Kuo-nun hesabatına görə, $ 699 qiyməti iPhone 6 və iPhone 7 istifadəçilərini telefonlarını iPhone 11 ilə əvəz etməyə təşviq edir.
Rəsmi satışlar sentyabrın 20-də başlayacaq.
Nigar Həsənova