Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

  • 16 Sentyabr 2019

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Estoniyanın Vormsi şəhərində təqdimat edib.

Chip.az bildirir ki, Rəqəmsal Dövlət Hakatonunda (Digital Nation Hackaton) Rəqəmsal Ticarət Qovşağının təqdimatı zamanı N. Əsədli dövlətlərarası transsərhəd elektron ticarətin aparılması, elektron imzaların qarşılıqlı tanınması və istifadəsi, Estoniya və Azərbaycan arasında elektron və mobil rezidentlər üçün yaradılması müzakirə olunan vahid məlumat platforması haqqında hakaton iştirakçılarına ətraflı məlumatlar təqdim edib.

Azərbaycan dünyada ilk elektron və mobil imza təqdim edən ölkə kimi Estoniya rəsmiləri və tədbir iştirakçılarının diqqətini çəkib və əməkdaşlıq üçün ilkin müzakirələrin əsası qoyulub.

Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədlinin təqdimatının əsas mövzusu Estoniya və Azərbaycanın elektron və mobil rezidentlərinin dövlət və özəl xidmətlərdən rahat istifadə edə bilməsi, müxtəlif biznes xidmətləri barədə asanlıqla məlumatlandırılması və xidmətlərin çeşidinin artırılmasının stimullaşdırılması üçün Rəqəmsal Ticarət Qovşağı və Estoniya e-Rezidentlik proqramı arasında sərhədlərarası mərkəzləşdirilmiş elektron resursun yaradılması olub.

Bu resurs dünyada elektron və mobil rezidentlərə vahid mərkəzdən müxtəlif dövlət və özəl xidmətlərinin göstərildiyi ilk təşəbbüsdür. Resursun ilkin prototipi tədbir çərçivəsində təqdim edilib və iştirakçılar tərəfindən böyük marağa səbəb olub.

Estoniyanın Rəqəmsal Dövlət Hakatonuna ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, İsveçrə, İtaliya, Türkiyə, Hindistan, Rusiya, Ukrayna, Gürcüstan da daxil olmaqla 18 ölkədən 200-dən artıq iştirakçı qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır