Kaspersky Lab Azərbaycanda uşaqların bu yay internetdə nə ilə maraqlandıqlarını araşdırıb

  • 14 Sentyabr 2019

Azərbaycanda bu ilin yay tətilində uşaqlar əsasən “YouTube” kanalında video-çarxlara, yeni serial və filmlərə, eləcə də musiqi və sosial şəbəkələrlə maraqlanıblar.

Chip.az şirkətdən verilən məlumatına əsasən xəbər verir ki, uşaqlar internetdə keçirdikləri vaxtın əksər hissəsini onlayn-mağazalarda çeşidlərin öyrənilməsi və kompüter oyunlarına sərf ediblər. Valideynlərin qorxduqları mövzularla (erotika, pornoqrafiya, alkoqol, narkotiklər, zorakılıq, qumar oyunları və s.) uşaqlar daha az maraqlanıb.

“Kaspersky Lab” mütəxəssisləri dünya üzrə uşaqların anonim axtarış sorğularını təhlil etdikdən sonra belə bir qənaətə gəliblər ki, sorğuların 22%-i film və serial axtarışı ilə bağlı olub. Azyaşlılar əksər hallarda “Hörümçək adam” haqqında çəkilmiş yeni filmlə maraqlanıblar. Eləcə də, uşaqların diqqəti “Ələddin” və “Con Uik” haqqında döyüş filminin üçüncü hissəsinə yönəlib.

Seriallara gəlincə, bütün dünyada olduğu kimi, Azərbaycanda da azyaşlı istifadəçilər ən çox “Netflix”dən "Çox qəribə hadisələr"in yeni mövsümünü axtarıblar. Serialla yanaşı onlar həm də həmyaşıdları olan gənc aktyorlar haqqında da məlumatlarla maraqlanıblar. Uşaqlar arasında populyarlıq baxımından ikinci yerdə HBO şirkətinin “Çernobıl” serialı olub. Maraqlısı odur ki, bu serialın uğuru fonunda bütün dünyada uşaqlar radiasiya ilə maraqlanmağa başlayıb – axtarış sorğularına "radioaktiv", "radon" və digər oxşar sözlər əlavə olunmaqla yanaşı, hətta top onluğa da düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır