Azərbaycana motosikletləri idarə etmək üçün (A1, A kateqoriyalı sürücülük vəsiqələri) tələblər sərtləşdirilib.
Chip.az apa.az-ın verdiyi məlumata istinad edərək xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin Kollegiyasının “İşçilərin icbari tibbi müayinələrin keçirilməsi tələb olunan işlərin Siyahısı”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Bu kateqoriya sürücülük vəsiqələrinin verilməsi zamanı psixiatriya dispanser müşahidəsi tələb olunan psixi pozuntular tibbi əksgöstərişlər sayılır. Yəni psixiatriya dispanser müşahidəsi tələb olunan psixi pozuntular aşkarlandıqda həmin şəxslər motosiklet idarə edə bilməz. İndiyə qədər 2 ildə 1 dəfə keçirilən icbari tibbi müayinə zamanı ixtisaslı həkimlər şəxsdə mütləq “D” müşahidə tələb olunan xroniki psixiki xəstəliklər və ona bərabər tutulan hallar, hüdudi sinir-psixi xəstəliklərin nəzərə çarpan formaları (hüdudi aqil zəifliyi və əqli inkişafın ləngiməsi ilə) aşkarladıqda məsələ fərdi həll edilib, təkrari müayinə 3 ildən sonraya təyin olunub. Epilepsiya və sinkopal vəziyyətlər də motosikletləri idarə etmək üçün yararsız saymağa əsas hesab edilib.
Dəyişikliyə əsasən, motosikletləri idarə etmək üçün psixiatriya dispanser müşahidəsi tələb olunan psixi pozuntular qismində tibbi əksgöstərişlər yeni redaksiyada verilib. Beləliklə, həmin tibbi əksgöstərişlər aşağıdakılardır:
Psixiatriya dispanser müşahidəsi tələb olunan psixi pozuntular , o cümlədən:
- mənşəyindən asılı olmayan demensiya (qazanmış ağıl zəifliyi) halı;
- əqli gerilik (anadangəlmə kəmağılılıq);
- autizm spektrli pozuntular;
- üzvi mənşəli psixotik pozuntuları (sağalma və ya tam kompensasiya müəyyən edildikdən sonra 3 il ərzində residiv müşahidə edilməyən hallar istisna olmaqla);
- şizofreniya, şizotipik pozuntu, sayıqlama (xroniki) pozuntu və şizoaffektiv pozuntu (davamlı tam remissiya müəyyən edildikdən sonra 5 (beş) il ərzində residiv müşahidə edilməyən hallar istisna olmaqla);
- bipolyar affektiv pozuntu və rekurrent depressiv pozuntu (davamlı tam remissiya müəyyən edildikdən sonra 3 il ərzində residiv müşahidə edilməyən hallar istisna olmaqla);
- şəxsiyyət pozuntusu, o cümlədən üzvi şəxsiyyət pozuntusu (sağalma və ya tam kompensasiya müəyyən edildikdən sonra 3 il ərzində residiv müşahidə edilməyən hallar istisna olmaqla);
- nevrotik pozuntu, stresslə əlaqədar pozuntu və somatoform pozuntu (özünə və ya ətrafdakılara qarşı təhlükəli hərəkət etdiyi aşkar olunarsa məsələ həkim-psixiatr komissiyası (HPK) tərəfindən həll edilir).