Naxçıvanda istifadə olunan internet həcmi artırıldı

  • 10 Sentyabr 2019

Naxçıvan Muxtar Respublikasında internet xidmətlərinə artan tələbat nəzərə alınaraq həm Türkiyənin “Türk Telekom” şəbəkəsindən, həm də Azərbaycanın “Delta Telecom” şəbəkəsindən daxil olan internet trafikinin həcmi 1 Gbit/s artırılıb və nəticədə Muxtar Respublikaya daxil olan internet kanallarının həcmi 10 Gbit/s-yə çatdırılıb.

Chip.az bildirir ki, Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən  verilən məlumata görə, görülən tədbirlər nəticəsində simli şəbəkə üzrə 2 827 abunəçi ADSL bağlantısı ilə təmin edilib, “Evədək optika” layihəsi çərçivəsində isə 23 fərdi mənzilə fiberoptik kabel xətti çəkilib və GPON avadanlığı quraşdırılıb. Bundan başqa, cari ildə Naxçıvan üzrə mövcud ATS-lərin montaj tutumları 1028 nömrə artırılıb. Bu ilin əvvəlindən respublika ərazisində ümumilikdə 45 475 metr fiberoptik kabel xətlərinin tikintisi həyata keçirilib.

Bundan əlavə, “Naxtel” mobil operatorun xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 5 ədəd yeni baza stansiyası və ehtiyat məlumat hesablama sistemi alınıb və onların quraşdırma-tənzimləmə işləri həyata keçirilir.

Hazırda muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin sonuncu mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Culfa rayonunu əhatə edən bu layihə  üzrə artıq mövcud 21 ədəd “Daewoo” və “Karel” tipli ATS demontaj olunaraq yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunub, 5 ədəd stansiya tələbat olan açıq ərazilərdə montaj edilib.

Ümumilikdə bu layihə ilə Culfa rayonu ərazisində 28 yeni nəsil telefon stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin Çinin “Huawei” şirkəti ilə bağlanan müqaviləyə əsasən Naxçıvan–Qıvraq-İbadullala–Sədərək, Duzdağ-Şahbuz, Naxçıvan-Əbrəqunus və Culfa-Əbrəqunus istiqamətlərində  alternativliyi təmin edən İP bazalı çox protokollu kommutasiya sisteminin qurulması nəzərdə tutulur. Bunlardan Duzdağ-Şahbuz arası radiorele, digərləri isə optik kabel xətləri üzərindən təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır