Böyrək xəstəliklərinin sürətli aşkar edilməsi üçün mobil proqram hazırlanıb

  • 05 Avqust 2019

London Kral Hospitalının həkimləri “DeepMind” şirkəti ilə birgə ölümcül böyrək xəstəliklərini orta hesabla 14 dəqiqə ərzində aşkar etməyə imkan verən mobil proqram hazırlayıblar.

Chip.az İct.az saytına istinadən xəbər verir ki, sözügedən proqram təminatı böyrək xəstəliklərini aşkar etmək üçün qan analizinin nəticələrini araşdırır. Alqoritmlərdən biri qanda kreatinin (amin turşu-zülal mübadiləsinin biokimyəvi reaksiyaları nəticəsində əzələlərdə yaranan və kəskin böyrək çatışmazlığına səbəb olan maddə) miqdarının yüksəlməsini müəyyənləşdirir. Araşdırmanın nəticələri avtomatik rejimdə diaqram və qrafiklərdən ibarət hesabat şəklində həkim və tibb bacılarına göndərilir.

Xəstəxananın işçiləri hesab edirlər ki, bu texnologiya həkimlərə bir çox pasiyentlərin həyatını xilas etməkdə kömək edəcək. Çünki məhz kəskin böyrək çatışmazlığının gecikmiş müalicəsi tez-tez digər həyati əhəmiyyətli orqanların zədələnməsinə gətirib çıxarır ki, bu da öz növbəsində ölümlə nəticələnə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır