İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı problemlər müzakirə edilib

  • 29 İyun 2019

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin növbəti elmi seminarı keçirilib. 

Chip.az bildirir ki, domen adları nöqtələrlə ayrılmış simvol sahələrindən ibarətdir: “İnternetdə ünvanların idarə edilməsi Domen Adları Sistemi (Domain Name System, DNS) vasitəsi ilə həyata keçirilir. Bu gün DNS milyardlarla sorğunu gündəlik emal edən ən böyük paylanmış verilənlər bazasıdır”.

İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (The Internet Corporatinon for Assigned Names and Numbers, ICANN), İnternetdə Nömrələnmənin Təyini üzrə Qeydiyyat Təşkilatı (Internet Assigned Numbers Authority, IANA), İnternet Adların Avropa üzrə Qeydiyyat Qurumu (Reseaux IP Europeens, RIPE), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (The World Intellectual Property Organization, WIPO) və s. kimi İnternetə nəzarət edən və domen adlarının fəaliyyətinə cavabdeh olan beynəlxalq təşkilatlardır.

Seminarda milli əlifba ilə yazılmış yüksək səviyyəli domen adlarının ICANN tərəfindən akkreditə olunmuş qeydiyyatçılarının siyahısı təqdim edilib.

“Azərbaycan əlifbası ilə domen adlarının tətbiqi ingilis dilini bilməyən insanların, xüsusilə də yaşlı nəslin İnternet resurslarından istifadə imkanlarını genişləndirəcək, domen adlarının yaradılması və tətbiqi ilə bağlı müəyyən məhdudiyyətləri aradan qaldıracaq, eləcə də Azərbaycan dilində əmtəə nişanlarının düzgün təsvirinə imkan yaradaraq çoxdilli domen adları qeyri-ingilis dilli yerli bazarlara çıxış və bu bazarlarda reklam və marketinq kampaniyalarının aparılması üçün geniş və səmərəli imkanlar verəcək, Azərbaycan dilinin norma və qaydalarını təhriflərdən qoruyacaq, istənilən toponim və adların qeydiyyatına imkan yaradacaq”.

“ICANN yeni domen adları ilə işləyə biləcək elektron poçt əlavələri üçün texniki standartların hazırlanmasının başa çatdığını bəyan edib. Lakin buna baxmayaraq, istifadəçilər elektron poçt adlarının yazılışı üçün hələ də latın əlifbasından istifadə edir”.

Son olaraq seminarda bildirirlib ki, *.bakı, *.naxçıvan, *.şəki, *.məktəb və s. bu kimi yeni adların alınması, eləcə də “əlincə.az”, “qarabağ.az”, “xankəndi.az” və s. kimi adların tərtibatı üçün mövcud olan problemlərin aradan qaldırması zəruridir.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır