Robotlar predmetləri baxış və toxunuşun köməyilə tanıyacaqlar

  • 27 İyun 2019

Massaçusets Texnologiya İnstitutunun Süni İntellekt Laboratoriyasının tədqiqatçıları “KUKA” adlı avtomatlaşdırılmış əli “GelSight” taktil sensoru ilə təchiz ediblər. Beləliklə, süni intellekt vizual və taktil informasiya arasındakı əlaqəni öyrənə və onları birləşdirə bilib.

Chip.az xəbər verir ki, “GelSight” taktil sensoru 2014-cü ildə Ted Adelsonun rəhbərliyi altında fəaliyyət göstərən mühəndislər qrupu tərəfindən hazırlanıb. O, insan barmağının ucunun elektron surətidir. Qurğu səthin üçölçülü xəritəsinin yaradılması üçün kamera və həssas rezin örtükdən istifadə edir. O, dəfələrlə real şəraitdə sınaqdan keçirilib.

Yeni layihədə sensor “KUKA” robotuna quraşdırılıb, süni intellektlə birləşdirilib. Beləliklə, avtomatlaşdırılmış əl predmetlərin səthinin necə olduğunu “gözlə” müəyyən etməyi və onların formasını “görmədən” tanımağı öyrənib. Sistemin təlimi üçün 200 obyekt olan 12 000 videoçarxdan istifadə olunub. Videolar kadrlar üzrə bölünüb və robot məhz onların əsasında taktil və vizual informasiyanı birləşdirib.

Hazırda robot yalnız nəzarət edilən mühitdə və yalnız ona öncədən məlum olan predmetlərlə işi yerinə yetirə bilir. İstehsalçılar süni intellektə öyrənmə üçün daha çox məlumat verərək, onun imkanlarını genişləndirməyi planlaşdırırlar. Görmə və toxunma hisslərinin birləşdirilməsi robotun imkanlarını genişləndirə və məlumatların həcmini azalda bilər.

Robotlar daim təkmilləşirlər və hazırda hətta komandada işləyə bilirlər. Məsələn, Kaliforniya Universitetində hazırlanmış “VelociRoACH” robot-tarakanları yaxın zamanda bir-birinə ayağa qalxmağa kömək etməyi öyrəniblər.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır