Marsda xüsusi robot stansiyası qurmaq istəyən Bakı məktəbliləri

  • 18 İyun 2019

“First Lego League” (FLL) -10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik. riyaziyyat)  əsaslı robot texnologiyaları turniridir.

Burada 6 nəfərdən ibarət bir, yaxud, iki  rəhbərin başçılıq etdiyi komandalar iştirak edə bilərlər. FLL şagirdləri əyləncəli mühitdə real elm və texnologiya problemləri ilə qarşılaşdırır və onların həll yollarını araşdırmaqla, dünyagörüşlərini zənginləşdirən qeyri-adi təcrübə qazandırır. FLL turnir proqramında komandalar bir sıra kateqoriyalar üzrə hazırlıqlı olmalıdırlar.

Aprelin 6-da “ADA”Universitetində keçirilən son Respublika Olimpiadasında  30 komanda iştirak edib.

Həmin tədbirdə  qalib gələnlərdən biri isə 220 nömrəli  məktəb liseyinin “Mars.az” komandasıdır.

Chip.az xəbər verir ki, AzEdu.az həmin məktəbdə olub və məktəbin direktoru, layihənin rəhbəri və üzvləri ilə ünsiyyət saxlayıb.

Məktəbin direktoru Lətifə Əzimova layihənin ərsəyə gəlməsində bir çox yerdən dəstək aldıqlarını deyib:

“Layihənin yaranmasında Təhsil Nazirliyi, Mars Akademi və ADA Universitetinin böyük rolu olub.

Uşaqlar müsabiqə nəticəsində komandaya seçildilər. Onların rəqəmsal sahədəki bacarıqları əsas götürüldü. 4 ay ərzində şagirdlər öz ideyalarını həyata keçirməyə başladılar.Gərgin əmək nəticəsində qalib oldular.Bu onların istedadlarının biliklə birləşməsi nəticəsində baş verdi.

Uşaqlarımız müəllimələrinin rəhbərliyi ilə gözəl layihə ortaya çıxardılar.Müsabiqə müddətində də onlar münsiflərin diqqətini cəlb etməyi bacardılar. Xarici dil biliklərinin yüksək olması onlara  köməklik göstərdi. Çünki dünya informasiyasının 80 faizə qədəri ingilis dilindədi.

Layihədə iştirakımızın əsas müsbət tərəflərindən biri də uşaqlarımızın bu sahədə püxtələşməsi oldu.

Şagirdlər  layihə müddətində Elmlər Akademiyasında təcrübə keçdilər və proqramistlərlə ünsiyyətdə oldular. AMEA-nın Bakterioloji Şöbəsində araşdırma apardılar”.

Layihənin rəhbəri Gülbəniz Məmmədova uşaqların  çox həvəslə yanaşdıqlarını vurğulayıb.

“Bu layihə uzun araşdırmalar nəticəsində formalaşıb. Uşaqlar Marsı geniş şəkildə öyrəndilər və bu qənaətə gəldilər ki, Marsdakı həyat dünyada formalaşmağa başlayan ilkin həyatla eynilik təşkil edir.

Bəzən elə yerlər olur ki, insanların ora enməsi və yaxınlaşması qeyri-mümkündür.Buna görə də uşaqlar düşündülər ki, Marsa  insan yox,  robot ensin.Bunun üçün də robot düzəltdilər.

Uşaqları seçmək bizim üçün çox çətin idi.Komanda üzvlərini bir ay müddətində dəfələrlə dəyişdik və nəhayət sonda ən istedadlılar qaldılar.

Layihə beynəlxalq səviyyədə keçirilən tədbirdir.Burada inglis dili ön planda olur.Ona görə də uşaqların bu sahədəki bilikləri əsas götürülür.Elə zamanlar olurdu ki, uşaqlar həftələrlə internetdə araşdırma aparrdılar. Bəziləri isə bununla qane olmayıb kitabxanalara gedirdilər.

Layihə müddətində ən çox internetdən araşdırmalar etdik.Həmçinin, FLL şirkətinin bu istiqamətdə böyük köməkliyi oldu”.

İştirakçılar layihədəki məqsədləri haqqında məlumat verdilər.

Fuad Qocayev layihədə mühəndis vəzifəsini yerinə yetirir.Onun funksiyası robot üçün lazım olan dağın və stansiyanın yaradılmasıdır.

Araşdırmaçı funksiyası isə Nihal Hüseynzadə və Turxan Çerpanova həvalə olunub.

Nihal Mars haqqında müxtəlif məlumatlar toplayıb və bununla da komanda üzvlərinə köməklik edib.

Turxan isə Marsa insanın hansı səbəblərdən gedə bilməməsini və buranın əlverişsiz mühitini araşdırıb.O bu araşdırmaları Vikipedia və ona bənzər saytlardan edib.

Evin Mürsəlzadə isə layihənin loqo dizaynını və posterini hazırlayıb.

Zakir İsmayılov layihənin proqramlaşdırılması işini yerinə yetirib.

Fuad Qocayev sözlərində layihəyə ilk başladıqları müddətdə onlar üçün çətinliyin yarandığını deyib.Lakin sonra isə ümumi komanda işi nəticəsində bütün çətinliklərin üstəsindən gəliblər.

Zakir İsmayılov robotun Marsda yerinə yetirəcəyi əsas funksiyalardan danışıb:

“Robotumuz hər gün stansiyadan çıxaraq,  bitki kapsulları üzərində yerləşən antenalardan məlumat alacaq və onların suvarmalarını idarə edəcək.

Radiasiya Problemləri İntitutunda etdiyimiz araşdırmalara əsasən,  öyrəndik ki,  radiasiyaya ən dözümlü bitki kaktusdur.Düşündük ki,  kaktusları Marsda yerləşdirməklə daha çox oksigen əldə edə bilərik.Bununla  da Marsda insanın yaşaması üçün ilkin izləri yaratmaq mümkün olacaq”.

Mars.Az komandası haqqında daha geniş məlumatı isə videodan öyrənə bilrsiz.

https://youtu.be/Ko0j4FPQaF8

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır