Robototexnika üzrə III-cü Respublika Olimpiadasında iki həmyerlimiz gümüş medal qazanıb

  • 07 İyun 2019
  • 149

SMART OWL Mərkəzinin Robototexnika Klubunun yetirmələri Kəmran Rzayev və Danil Kazakov ikinci yeri qazanıblar və gümüş medallarla təltif olunublar.

Chip.az xəbər verir ki, Olimpiada “INNOFEST” çərçivəsində Gənclər və İdman, Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Yarış 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edir və 6 kateqoriya üzrə keçirilir. Yekunda qalib komandalar noyabrın 8-10-da Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaqlar.

Dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda təşkil edilən bu Olimpiadada 12 ölkə iştirak etsə də hazırda bu say 70-i ötüb.

Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır