Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

  • 28 May 2019
  • 79

Almaniyanın Leypsiq şəhərində  Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Regional inteqrasiya üçün nəqliyyat bağlantısı” mövzusunda illik Sammiti keçirib.

Chip.az xəbər verir ki, sammitdə BNF üzvü ölkələrin nəqliyyat üzrə məsul nazirləri, biznes nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, aparıcı tədqiqatçılar iştirak ediblər. 

Ölkəmizi sammitdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə nəqliyyatda təhlükəsizliyin təmin olunması, ekoloji təmiz nəqliyyatın təşkili, şəhər və regionlarda “ağıllı” nəqliyyat sisteminə keçid, nəqliyyat və iqlim dəyişiklikləri, səmərəli avtomobil daşımaları üçün maneələrin aradan qaldırılması, nəqliyyatın rəqəmsal avadanlıqlardan asılılığı və digər mövzular ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarının çıxışları dinlənilib.

Eyni zamanda Beynəlxalq Nəqliyyat Forumunun illik sammiti çərçivəsində Bolqarıstan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi ilə əlaqədar keçirilmiş QDİƏT üzv dövlətlərinin nəqliyyat nazirlərinin qeyri-rəsmi iclasında Elmir Vəlizadə də iştirak edib. 

İclasda üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, nəqliyyat vasitələrinin və infrastrukturun əlaqələndirilməsi sahəsində qarşılıqlı təcrübənin öyrənilməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün dövlətlərarası dialoqun və yeni platformanın yaradılması kimi məsələlər müzakirə olunub.

Ölkəmizdə həyata keçirilən layihələr, görülən işlər, həmçinin nəqliyyat və logistika sahəsində informasiya-kommunikasiya texnologiyalarının, innovativ sistemlərin tətbiqi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır