Azərbaycanda İlk dəfə Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək

  • 25 May 2019
  • 71

“İnnovasiya Festivalı” çərçivəsində 1-3 iyun 2019-cu il tarixlərində ölkəmizdə ilk Azərbaycan Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək.

Chip.az xəbər verir ki, tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Gənclər Fondunun və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə “İnnoFest” çərçivəsində baş tutacaq.

Forumun təşkilində əsas məqsəd Azərbaycan vəregion ölkələri gənclərini bir araya toplayaraq rəqəmli sahə üzrə inkişaf tendensiyalarının müzakirə və şərh edilməsidir.
Tədbirə müxtəlif ölkələrdən, əsasən 17-25 yaş arası gənclər qatılacaq.
Forum çərçivəsində iştirakçıların nəzəri və praktiki hazırlığı həyata keçiriləcək. Onlar tədbirin sonunda müxtəlif mövzularda təşkil olunacaq simulyasiya oyununda iştirak edəcəklər.

Forumda “İnternet idarəçiliyinin təməl prinsipləri”, “Gənclərin fikirlərinin formalaşmasında sosial medianın rolu” və “Gənclər üçün internetin biznes imkanları – ideyaların gerçəkləşməsi” adlı seminarların keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, “Gənclərin davamlı inkişafı üçün internet idarəçiliyi nə qədər vacibdir?”, “Qlobal yoxsa spesifik internet — gənclərin fərqli dəyərlərə münasibəti”, “İnterneti uşaqlar və gənclər üçün necə təhlükəsiz etmək olar?” və digər mövzular üzrə debatlar təşkil olunacaq.

                                                                                                                                                                                                                              Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır