“Huawei” artıq məhsullarına MicroSD kart yuvalarını əlavə edə bilməyəcək.
Chip.az xəbər verir ki, ABŞ hökumətinin qadağalarına heç bir dəyişiklik olmazsa yaxın gələcəkdə “Huawei” məhsullarında tam teşekküllü Android əməliyyat sistemi mövcud olmayacaq. Eyni zamanda Intel, Qualcomm və ya ARM prosessorları istifadə olunmayacaq. Bütün bunlara əlavə olaraq yeni “Huawei” məhsullarında microSD kart yuvası da olmayacaq.

SD Association şirkəti yaddaş kartı standartlarını təyin edən qeyri-kommersiya təşkilatıdır. Məsələ odur ki, bu ittifaq ABŞ-ın Kaliforniya ştatında təsis edilib. Bu səbəbdən ABŞ-ın “Huawei” əleyhinə tətbiq etdiyi qadağa birbaşa SD Birliyinə də təsir edir. ABŞ “Huawei” haqqında sanksiyalarını ləğv etməzsə “Huawei” telefonlarında SD kart yuvalarını görə bilməyəcəyik.
256 GB daxili yaddaşın mövcudluğu SD kart yuvasının olmamasını böyük bir problemə çevirmir. Bundan başqa orta giriş seqment telefonlarında ümumilikdə daha az daxili yaddaş saxlanılması mövcuddur və bu sektorun modellərində MicroSD kartlardan daha çox istifadə olunur. “Huawei”nin bu vəziyyəti necə həll edə biləcəyi isə qarşıdakı günlərdə məlum olacaq.
Aida İSAQ