Çinin süni günəşi 2050-ci ilə qədər hazır olacaq

  • 29 Aprel 2019

Chip.az xəbər verir ki, dəyişən dünya şəraiti və atmosferin çirklilik problemi Çin üçün yeni axtarışların əsasıdır. Çinin Anhui əyalətində yerləşən füzyon reaktorunun üzərində işlərin sürətlə davam etdirilməsi böyük nəticələrin gözlənildiyini göstərir.

Dünyanın 100 milyon santigrat dərəcəyə çata biləcək ilk reaktoru Çin alimləri tərəfindən hazırlanıb. Malik olacağı gücün miqdarı baxımından "Süni günəş" adlandırılan reaktorun 2050-ci ilə qədər tamamlanması planlaşdırılır. Layihənin yüksək səviyyəli idarəçilərindən Song Yuntaonun sözlərinə görə bu reaktor insanlara gələcəkdə lazım olacaq füzyon prosesləri üçün çox vacibdir. 

Reaktorun mərkəzində "tokamak" adlı nəhəng silindir formasında füzyon cihazı yerləşir. Sistem bunun ətrafında formalaşır. Fransada istehsal olunan parçalar Çinə gətirilir və burada birləşdirilir. Avropa Birliyi, Yaponiya, Rusiya və ABŞ tərəfindən maliyyələşdirilən layihənin ümumi dəyəri 22,5 milyard dollar təşkil edir. 

Füzyon məlum olduğu kimi günəş enerjisini əldə etmək məqsədi ilə hazırlanıb. Günəşin yüksək temperaturu füzyon prosesinin həyata keçirilməsinə imkan verir və bununla da enerji əldə etmək mümkündür.

Layihə icraçılarının sözlərinə görə bu iş bir ölkənin tək başına həyata keçirəcəyi iş deyil.  Buna görə də birlikdə çalışmaq lazımdır. Çin istehsal etdiyi bu "süni günəş"lə təmiz və sərhədsiz enerji əldə etməyi planlaşdırır.

 Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır