GPS-i Unudun: Dünyanın 3D xəritəsi hazırlanır

  • 18 Aprel 2019

Qloballaşan dünyada həyat tərzini sadələşdirilmək məqsədi ilə  kəşf edilən və tətbiq olunan hər bir yenilik müəyyən faiz nisbəti ilə müasir texnologiyalardan asılıdır desək yanılmarıq. Eyni zamanda texnologiyanın yeni addımları ilə on il sonranı təsəvvür edərkən tamamilə fərqli bir həyat tərzinin olacağına şübhə qalmır.  Necə ki, illər öncə hazırda istifadə olunan mobil telefonlar, kompüterlər və digər elektron vasitələr insanlar üçün möcüzə kimi görünürdü. Ötürücü vasitələrin sağ-solumuzu əhatə edəcəyi, müxtəlif yüklərimizi dronlar və robotların aparıb gətirəcəyi bir dünya bu günümüzdən heç də  uzaqda deyildir. Zaman keçdikcə dünyanın istənilən nöqtəsi bu texnoloji yeniliklərlə ayaqlaşmağa çalışır.

Bu gün dünyanın dörd bir yanında istifadəsinə ehtiyac duyulan texnoloji kəşflərin əjdaha yöntəmlərindən biri də ultra-həssas məkan sistemidir. Hazırda  həm ölkələr daxili həmdə insanların xarici səfərləri zamanı müxtəlif ünvanları tapmaq üçün  müraciət olunan tətbiqetmələrdən biri GPS-dir. Lakin adı çəkilən proqram bəzən dəqiqlikdən çox uzaq ola bilir. Məşhur ünvan mərkəzlərinə rahatlıqla istiqamətlənmək mümkün olsa da daha dəqiq məkanları axtarmaqda müəyyən çətinliklər yaranır. Biz bir çox hallarda saxta axtarış sistemlərinə də rast gələ bilərik. Pokemon Go oyunu yeni istifadəyə veriləndə baş verənləri xatırlamaq yetərlidir.

Chip.az  xəbər verir ki, Britaniyanın Scape şirkəti dünya şəhərlərinin real görüntülərinin mövcud olacağı xəritələr hazırlayaraq məşhur məkan axtarış sistemi olan GPS-i geridə qoymağı planlayır. Şirkət mövcud problemləri aradan qaldırmaq məqsədi ilə yenilik edərək 100-ə yaxın  şəhərin 3D xəritələrini hazırlayıb. London, San Francisco, Paris, Moskva, Tokio və s. kimi böyük şəhərlər bu sıralamaya daxildir. Sözü gedən prosesin gerçəkləşməsi üçün isə  milyonlarla fotoşəkilləri birləşdirilərək nail olunur. Küçə işıqları, lövhələr kimi bəzi kiçik strukturlardan başqa  şəhərlərin digər hissələri xəritədə yer alıb.  Şəhərlərin  velosipedlərlə  küçə-küçə gəzilərək  qeydə alındığı bildirilir. İlk başlanğıcda şəkillərin aid olduğu ünvanlarla bərabər qeyd olunması gələcək işlər üçün hazırlıq rolunu oynayır. Şirkət gələcəkdə bu sistemin GPS olmadan işləyə biləcəyinə ümid edir.

Digər tərəfdən bu sistemin reallığı nə dərəcədə  əks etdirməsi sual doğurur.  Çünkü hər ötən gün ətraf ərazilərdə yeni binaların inşa edilməsinin  yaxud köhnələrin yeniləri ilə əvəz olunmasının şahidi oluruq.  Təmirə bağlanan yaxud təmirdən yeni çıxan tikililərin,  eləcə də şəhərlərin və digər yaşayış obyektlərinin  restavrasiyaya uğrayan hissələrinin xəritədə yer alması prosesinin necə həll olunacağı ilə bağlı açıqlamalar verilməyib.  Çünkü adı çəkilən mərhələləri naviqasiya sistemində hərfi formada qeyd etmək çox rahatlıqla mümkün idisə,  3d görüntüləri xəritəyə əlavə etmək işi sistemdə yeni yöntəmlərdən istifadə olunacağından xəbər verir.

 

Aida İsaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır