"Gələcək həmkarım" layihəsinin ilk addımı atıldı!

  • 12 Fevral 2019

“Chip”-in bu layihəni həyata keçirməkdə məqsədi ölkəmizin ucqar kənd məktəblərindəki informatika və texnologiya siniflərini texnoloji ləvazimatlarla az da olsa təmin etmək, könüllü şəkildə maarifləndirici təlimlər keçmək və ən nəhayət, hazırda işinin peşəkarı olan – uğur qazanmış insanların dilindən “Gələcək həmkarım” adı altında yazılmış məktubları məktəblilərə çatdırmaqla onlara stimul vermək və gələcəyə dair peşə seçimlərində müsbət düşüncə yaratmaqdır.

“Gələcək Həmkarım” layihəsi öz başlanğıcını 8 fevral tarixində Yardımlı rayonunun ən ucqar dağ kəndlərindən biri olan Şıxhüseynli kəndində –Şıxhüseynli adına kənd ümumi orta məktəbində qoydu. Yolun çətinliyinə baxmayaraq “Chip”-in kollektivi dünyada bütün yollardan daha vacib olan məktəb yolunu tuta bildi.

“Gələcək həmkarım” layihəsi çərçivəsində sözügedən məktəbə kompüterlər, informatika və texnologiya fənlərinin tədrisi zamanı istifadə olunan ləvazimatlar, məlumatlandırıcı divar stendləri, dərsliklər, test topluları və qiraət kitabları çatdırıldı. İnformatika fənni üzrə keçilən təlim məkətblilərdə bu fənnə olan marağı daha da artırdı və kompüterdə işləmək imkanı yaratdı. Uğurlu insanların yazdığı məktubların çatdırılması isə məktəblilərin ən sevdiyi məqam oldu. Onlar məktubları oxuyacaqlarına və mütləq müəllifə cavab yazacaqlarına dair söz verdilər.

Layihə çərçivəsində “Chip” jurnalına dəstək verən qurumlar da oldu ki, onların arasında Azərbaycanda ilk STEM mərkəzli təhsil məkanı olan “Hədəf Liseyi", təhsil müəssisələri və ofislər üçün didaktik materiallar, fənn kabinetləri, muzeylər hazırlayan “TUSİ” Tədris və Məktəb Tərtibatı Mərkəzinin adını xüsusilə qeyd etmək lazımdır.

Həçinin, uşaq yazıçısı Gülzar İbrahimova da “Gələcək Həmkarım” layihəsinə dəstək oldu . Beləki, o, öz nağıl kitabları və illərdir redaktoru olduğu “Sehrli dünya” jurnalı ilə məktəbliləri sevindirdi.

Ümid edirik ki, “Gələcək həmkarım” layihəsi öz ideyası ilə bütün ölkəyə səs salaraq daha çox məktəblinin üzündə təbəssüm yarada biləcək.

  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır