Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

  • 14 Dekabr 2018

Chip.az  bildirir ki, tətbiqin istifadəsini nümayiş etdirən və üstünlüklərini diqqətə çatdıran Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, məhdudiyyətin və müraciət statusunun yoxlanması, son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə, onlayn növbə, ASAN viza və xidmətin digər istiqamətlər üzrə servis xidmətlərinin mobil tətbiq üzərindən çıxış əldə etmək imkanlarının yaradıldığını bildirib.

Bundan sonra Mobil tətbiq vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlayn şəkildə daha asan şəkildə elektron xidmətlərdən istifadə edə biləcəklər. Azərbaycan, ingilis  və rus dillərində hazırlanmış mobil tətbiq üzərindən birbaşa əlaqə vasitəsi ilə zəng və sorğuların cavablandırılması da həyata keçirilə bilər. Yaxın gələcəkdə dil seçimi menyusu zənginləşdiriləcək. Yüksək səviyyəli interaktivliyi ilə seçilən mobil tətbiq vasitəsilə istifadəçilərə istər qeydiyyat, istərsə də digər elektron xidmətlərlə bağlı mütəmadi yeniliklər, bildirişlər göndəriləcək. Mobil tətbiqdə istifadəçilər üçün Azərbaycanın tarixi, ölkəmizdə fəaliyyət göstərən turistik məkanlar, istirahət mərkəzləri və digər görməli yerlər, milli musiqimiz, mətbəximiz barədə geniş məlumat bazası təqdim olunur. Mobil tətbiqi hazırda Playmarketdən, qısa zaman sonra isə Appstore-dan yükləmək mümkündür. Gələcəkdə mobil tətbiqin imkanlarının genişləndirilməsi və daha artıq xidmətləri əhatə etməsi nəzərdə tutulur.

Tədbirdə həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək 1 aylıq təbliğat-təşviqat kompaniyasının da təqdimatı olub. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Nəqliyyat Agentliyi, Park Cinema və Cinema Plus kinoteatrlar şəbəkəsi, 189 Taksi, Park Bulvar, Dəfnə-Dalida restoranlar şəbəkəsi ilə birgə təşkil olunan məlumatlandırma aylığı dekabrın 15-dən yanvarın 15-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır