“İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Hackathon”un qalibləri bəlli oldu

  • 31 Oktyabr 2018



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət  göstərən “AzInTelecom” MMC-nin  29-30 oktyabr tarixlərində təşkil etdiyi müsabiqənin qalibləri “Dostlar”, “Express” və “Ml learning” komandaları olub.

Birinci yerin qalibi “Dostlar” komandasına 5000 AZN, ikinci yerin qalibi “Express” komandasına 3000 AZN, üçüncü yerin qalibi “Ml learning” komandasına isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunub. Eyni zamanda qalib komandalar müsabiqənin sponsorları tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıblar. 

Məlumat üçün bildirək ki, “Hackathon” müxtəlif sahələrdən olan proqramçıların hər hansı tapşırığın həlli üçün komanda şəklində bir araya gəlməsidir. Üç mərhələdən ibarət olan “Hackathon” müsabiqəsinin birinci mərhələsində iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırıq verilib, ikinci mərhələdə iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyib.  Üçüncü mərhələdə isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibləri seçilib.

 Qeyd edək ki, “Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunu əhatə edən tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının dəstəyi,  “Azercell”, “Risk”, “Bestcomp”, “İl Patio” və “Huawei” şirkətlərinin baş sponsorluğu ilə baş tutub.
















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır