Rəqəmsal izlər

  • 30 Oktyabr 2018
  • 206

Rəqəmsal izlər adlanan bu izlər bizim sosial mediadan, müxtəlif tətbiqetmələrdən, axtarış sistemlərindən istifadə zamanı yaratdığımız izlərdir. Bu izlər sosial mediada  hesab yaradarkən, paylaşım edərkən, olduğumuz yerləri və dostlarımızı işarələyən zaman, saytlarda qeydiyyatdan keçən zaman yaradılırsa, belə izlər Aktiv izlər adlanır. Aktiv izlər yaradılan zaman istifadəçi bu barədə məlumatlı olur. Lakin bəzi hallarda tətbiqetmələrin geolocation funksiyaları, internet səhifələrindən istifadə edən zaman bu saytlardan tərfindən brauzerimizə yüklənmiş “cookie”lər tərəfindən istifadəçinin məlumatı olmadan yaradılmış izlər də olur ki, bu izlər Passiv izlər hesab olunur.

Müasir dünyada böyük şirkətlər, xüsusi ilə də reklam sahəsi ilə məşğul olanlar insanların rəqəmsal ayaq izlərini toplamaqda maraqlıdırlar. Sizin maraqlarınız, getdiyiniz yerlər, istifadə etdiyiniz məhsullar, xoşladıqlarınız və xoşlamadıqlarınız onlara reklam xidmətlərini genişləndirmək və inkişaf etdirmək üçün çox vacib məlumatlardır. Nəzərə alsaq ki, dünyada 3 milyarddan çox insan internetdən istifadə edir, bu, yuxarıda qeyd etdiyimiz  məlumatı toplamaq üçün kifayət qədər cəzbedici bir rəqəmdir.

Aparılan təcrübə göstərir ki istifadəçinin heç bir fəaliyyəti olmadığı halda, Google Chrome brauzeri saatda 14 dəfə Google-a məlumat göndərir, gün ərzində 360 dəfə isə məkan haqqında məlumat ötürür. Son zamanlarda Facebook istifadəçiləri arasında da Facebookun onların şəxsi məlumatlarından reklam xidmətlərində istifadə etdikləri haqqında şikayətlər artmaqdadır. Bir neçə istifadəçi Facebookda dostları ilə müəyyən mövzuda söhbət etdikdən sonra, həmin mövzuda reklamların səhifələrində çıxdığını bildirmişdir. Məsələnin əhəmiyyəti sadəcə şəxsi məlumatlarınızın reklamları yönləndirmək üçün istifadəsi ilə yekunlaşmır. İnternetdə yerləşdirdiyiniz istənilən məlumat internetdə uzun müddət qala bilir. Açıq bir sistem olan internetdə məlumat sürətlə yayılır və kimlərin, nə vaxt, hansı məqsədlə istifadə edəcəklərini heç vaxt təxmin edə bilmirsiniz. Həyatınızın hər hansısa bir dövründə, arzu etmədiyiniz bir şəkliniz və ya statusunuz yenidən yayıla və sizi çətin vəziyyətdə qoya bilər.

 Bəs şəxsi məlumatlarımızı necə qoruyaq?

 Rəqəmsal ayaq izlərini tamamilə silmək mümkün deyildir. Sosial media və internetdən istifadə etməyən şəxslərin də rəqəmsal ayaq izləri ola bilər. Lakin bu izləri müsbət istiqamətdə yönləndirmək və miqdarına nəzarət etmək mümkündür.  Aşağıdakı tövsiyyələr sizə müsbət rəqəmsal izlər yaratmağa və şəxsi məlumatlarınızı qorumağa kömək edəcəkdir:

 Hər hansısa bir məlumatı paylaşmazdan və şərh bildirməzdən əvvəl iki dəfə düşünün. Paylaşdığınız fikrin, şəklin, videonun müxtəlif insanların görə biləcəyini, uzun müddət sonra təkrar onlar tərəfindən istifadə edilə biləcəyini nəzərə alın.

  • Müntəzəm olaraq axtarış sistemlərində özünüz barəsində axtarış edin. Axtarış aparan zaman müxtəlif axtarış sistemlərindən istifadə edin. İlk sıralarda yerləşən nəticələri nəzərdən keçirin və müsbət olmayan məlumatların sayt sahiblərindən silinməsini tələb edin.
  • İstifadə etdiyiniz sosial şəbəkələrin, internet saytlarının, tətbiqetmələrin təhlükəsizlik parametrlərini nəzərdən keçirin. Şəxsi məlumatlarınızın təhlükəsizliyi üçün ən uyğun təhlükəsizlik parametrlərindən istifadə edin.
  • Şəxsi məlumatlarınızı etibar etmədiyiniz saytlara məlumat kimi daxil etməyin. Çətin təxmin edilən şifrələrdən istifadə edin və onları müntəzəm olaraq dəyişin.
  • İnternet brazurelerini mütəmadi olaraq sıfırlayın, ehtiyac duymadığınız “cookies”ləri brazerinizdən təmizləyin.

 Bir çoxumuzun rəqəmsal dünyada izi vardır.  Real həyatda davranışımız və fəaliyyətimiz bizim haqqımızda fikir formalaşdırdığı kimi, internet dünyasında da rəqəmsal izlərimiz bizim haqqımızda fikir formalaşdırır. Yeni tanış olduğunuz insanlar, iş yerləri, yeni həmkarlarınız sizin haqqınızda ilkin məlumat almaq üçün rəqəmsal ayaq izlərinizdən istifadə edə bilərlər. Bu səbəbdən hər zaman özünüz haqqında müsbət rəqəmsal ayaq izləri yaratmağa çalışın və özünüz haqqında müsbət rəqəmsal profil yaradın.

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır