Yeni iPhone, Mac və ağıllı eynəklər: Apple-ın 2027-ci il planları

Fatimə Ələkbərova 17.11.2026 1 dəqiqə 72
Yeni iPhone, Mac və ağıllı eynəklər: Apple-ın 2027-ci il planları

Apple şirkətinin 2027-ci ildə ən azı 18 yeni məhsul təqdim etməyə hazırlaşdığı iddia olunur. Gözlənilən yeniliklər arasında iPhone-un 20 illiyinə həsr olunmuş xüsusi modellər, yeni nəsil iPad və Mac kompüterləri, eləcə də şirkətin ilk ağıllı eynəkləri yer alır.

Bloomberg jurnalisti Mark Qurmanın məlumatlarına və digər mənbələrin iddialarına əsasən, şirkət gələn il genişmiqyaslı məhsul yeniləmələri planlaşdırır. iPhone 20 Pro və iPhone 20 Pro Max modellərinin yeni A21 Pro prosessoru, daha nazik ekran çərçivələri və kənarları əhatə edən şüşə dizaynla təqdim oluna biləcəyi bildirilir. iPhone 18 seriyası və iPhone Air 2 üçün də yeni prosessor, kamera və batareya yenilikləri gözlənilir.

Apple-ın iPad Pro, iPad Air və standart iPad modellərini də yeniləyəcəyi iddia olunur. MacBook seriyasında isə yeni prosessorlarla təchiz edilmiş modellərin təqdimatı gözlənilir. Bundan başqa, kameralı AirPods Pro və iPhone ilə əlaqəli işləyəcək Apple Glasses ağıllı eynəklərinin də təqdim oluna biləcəyi bildirilir.

Şirkətin ağıllı ev cihazı HomeView Max və yeni Apple Watch modelləri üzərində də işlədiyi iddia edilir. Apple Glasses eynəklərinin WWDC 2027 tədbirində tanıdılması və ilin sonuna doğru satışa çıxarılması ehtimal olunur. Bununla belə, sadalanan yeniliklər rəsmi təsdiqini tapmayıb və Apple 2027-ci il üçün məhsul planlarını açıqlamayıb.