XPeng uçan avtomobilini 2027-ci ildə istehsal edəcək
Çinin XPeng şirkəti 2027-ci ildə uçan avtomobil layihəsini genişmiqyaslı istehsala keçirməyi planlaşdırır. Təxminən 300 min dollar dəyərində olacağı gözlənilən Aridge sistemi həm elektrikli avtomobili, həm də iki nəfərlik hava aparatını birləşdirir.
Avtomobil sənayesində yeni texnoloji həllərdən biri olan uçan nəqliyyat vasitələri artıq kommersiya mərhələsinə yaxınlaşır. Bu istiqamətdə çalışan XPeng-in təqdim etdiyi Land Aircraft Carrier layihəsi ənənəvi avtomobil anlayışını dəyişməyi hədəfləyir. Sistemin quruda hərəkət edən hissəsi altı təkərli elektrikli yolsuzluq avtomobilidir. Onun arxa bölməsində isə şaquli qalxma və enmə qabiliyyətinə malik iki nəfərlik eVTOL aparatı yerləşdirilir. Hava nəqliyyat vasitəsi hazırda bir enerji doldurulması ilə 30 kilometr məsafə qət edə bilir. Şirkət layihənin yalnız fərdi istifadə üçün deyil, müxtəlif xidmət sahələri üçün də tətbiqini nəzərdən keçirir. İlkin mərhələdə təcili yardım əməliyyatları və macəra turizmi kimi istiqamətlərdə məhdud kommersiya uçuşlarının təşkili planlaşdırılır. Bu uçuşların 2027-ci ilin ikinci yarısında başlaması nəzərdə tutulur.