UMO 8 hibridi endirimlə Rusiya bazarına çıxdı
Rusiyada GAC S7 əsasında hazırlanan və “Moskviç” zavodunda istehsal olunan UMO 8 hibrid krossoverinin satışına başlanılıb. Max komplektasiyasının qiyməti 5,69 milyon rubldan (təxminən 119 786 manat), Ultra versiyasının qiyməti isə 6,19 milyon rubldan başlayır (təxminən 130 312 manat).
Hər iki versiya avqustda açıqlanan qiymətlərlə müqayisədə 225 min rubl ucuzlaşıb. Lakin ayrılmış vəsaitin tükənməsi səbəbindən güzəştli avtomobil kreditləşməsi proqramının dayandırılmasından sonra hazırkı qiymətlər əvvəlki dövlət subsidiyalı təkliflərdən 700 min rubl yüksəkdir. Uzunluğu təxminən 4,9 metr olan krossover tam ötürücü sistem, iki elektrik mühərriki və generator kimi işləyən 156 at güclü 1,5 litrlik benzin mühərriki ilə təchiz edilib. Avtomobil 100 km/saat sürətə 6,7 saniyəyə çatır, elan olunan ümumi yürüş ehtiyatı isə 867 kilometrdir. Max komplektasiyasına sürücüyə yardım sistemləri, ətrafı 360 dərəcə göstərən kameralar, panoram dam, bütün oturacaqların isidilməsi və havalandırılması, ön oturacaqların masaj funksiyası daxildir. 15,6 düymlük ekranı olan multimedia sistemi “Yandex” xidmətlərini və “Alisa” səsli süni intellekt köməkçisini dəstəkləyir. Ultra versiyası əlavə olaraq avtomatik parklanma, nappa dəri və zamşa salon üzlüyü, matris faralar, ikinci sıra oturacaqların masaj funksiyası, proyeksiya displeyi və 1640 Vt gücündə 22 dinamikli audiosistem təklif edir.