Uçan taksiləri virtual idarə etmək mümkün olacaq
Daegu Milli Elm Muzeyində ziyarətçilərə elektriklə işləyən uçan taksiləri virtual şəkildə idarə etməyə, onların uçuşunu sınaqdan keçirməyə və iş prinsiplərini öyrənməyə imkan verən xüsusi zona açılıb.
Daegu muzeyinin K-UAM Vertiport adlanan zonasında insanlar gələcəkdə elektrikli uçan nəqliyyat vasitələrinin necə işlədiyini öyrənə bilərlər. Zonanın əsas hissəsində dörd nəfərilik eVTOL təyyarəsinin real ölçülərində hazırlanan modeli və uçuş qurğusu yerləşir. Bu qurğu vasitəsilə ziyarətçilər özlərini pilot kimi hiss edə, nəqliyyat vasitəsini idarə edə və onun yerdən şaquli şəkildə necə qalxdığını virtual olaraq görə bilərlər. Ziyarətçilər üçün “Səma Mühafizəçiləri” adlı xüsusi oyun da hazırlanıb. Oyunda iştirakçılar uçuşu idarə etməli, radar vasitəsilə ətrafı yoxlamalı, enerji sistemində yaranan problemləri aradan qaldırmalı və təhlükələrdən qorunmaq üçün müdafiə sistemini işə salmalıdırlar. Muzeyin birinci mərtəbəsində isə elektrikli uçan taksinin daxili quruluşunu göstərən xüsusi sərgi sahəsi yaradılıb. Burada ziyarətçilər nəqliyyat vasitəsinin daxilindəki hissələri kəsik formada görə və onun necə qurulduğunu öyrənə bilərlər. Layihə Daegu şəhərində 2030-cu ilə qədər eVTOL təyyarəsindən istifadəni nəzərdə tutan nəqliyyat planı ilə bağlıdır.