Uber istifadəçiləri artıq robotaksi də sifariş edə biləcək

Nəzakət Quliyeva 17.11.2026 1 dəqiqə 109
Uber istifadəçiləri artıq robotaksi də sifariş edə biləcək

Zoox-un sükan və pedallarsız robotaksiləri Las-Veqasda Uber vasitəsilə sərnişin daşımağa başlayıb.

Amazon-a məxsus Zoox şirkətinin sükan və pedalları olmayan sürücüsüz taksiləri ABŞ-ın Las-Veqas şəhərində Uber tətbiqinə inteqrasiya edilib. Yeni əməkdaşlıq çərçivəsində istifadəçilər adi taksi sifarişi zamanı robotaksi ilə də qarşılaşa biləcəklər.

Noyabrın 16-dan etibarən istifadəyə verilən xidmət çərçivəsində sərnişinlər UberX, Uber Comfort və digər uyğun kateqoriyalar üzrə sifariş verdikdə Zoox robotaksisinə yönləndirilə bilərlər. Hələlik avtomobili birbaşa seçmək mümkün deyil, lakin tətbiqin parametrlərində avtonom nəqliyyat vasitələrinə üstünlük vermək seçimini aktivləşdirməklə belə avtomobilə düşmək ehtimalını artırmaq olar.

Zoox robotaksiləri ənənəvi avtomobillərdən fərqli olaraq sükan və pedallarsız hazırlanıb. Salonunda sərnişinlər üz-üzə əyləşir və avtomobil eyni vaxtda dörd nəfəri daşıya bilir.

Uber və Zoox əməkdaşlığının Las-Veqasla məhdudlaşmayacağı bildirilir. Şirkətlər gələcəkdə xidməti Los-Ancelesə də genişləndirməyi planlaşdırır. Bununla belə, həmin şəhərdə kommersiya səfərlərinin 2027-ci ildə başlaması gözlənilir.
Qeyd edək ki, Zoox robotaksiləri Amazon şirkətinə məxsusdur. Uber üçün bu əməkdaşlıq sürücüsüz nəqliyyat xidmətlərini genişləndirmək və müxtəlif avtonom avtomobil istehsalçılarını vahid platformada birləşdirmək strategiyasının bir hissəsidir.