Tesla AI məlumat mərkəzləri üçün yeni enerji sistemi hazırlayıb

Nəzakət Quliyeva 19.11.2026 1 dəqiqə 114
Tesla AI məlumat mərkəzləri üçün yeni enerji sistemi hazırlayıb

Yeni platforma AI məlumat mərkəzlərinin enerji təminatını daha səmərəli etməyi hədəfləyir.

ABŞ-ın texnologiya şirkəti Tesla Powercore adlı yeni enerji platformasını ictimaiyyətə tanıdıb. 7,4 MW gücündə olan sistem böyük enerji saxlama qurğuları, elektrik şəbəkələri və AI məlumat mərkəzlərinin enerji təminatı üçün nəzərdə tutulub.

Yeni platformanın əsas xüsusiyyəti transformator, inverter və elektrik mühafizə sistemlərini vahid qurğuda birləşdirməsidir. Ənənəvi sistemlərdə bu avadanlıqlar ayrı-ayrılıqda quraşdırıldığı halda, Tesla onların hamısını bir platformada təqdim edir. Bu yanaşma quraşdırma prosesini sadələşdirməyə və enerji infrastrukturunda yerə qənaət etməyə imkan verir.
Tesla-nın məlumatına görə, Powercore fasiləsiz olaraq 7,4 MW güc təmin edə bilir. Sistemin maksimum effektivliyi isə 98,86 faiz təşkil edir. Platforma həmçinin elektrik xətlərində yaranan nasazlıqlara çox qısa müddətdə müdaxilə etmək üçün bərk cisimli elektrik açarı ilə təchiz olunub.
Yeni texnologiya AI sahəsi üçün də əhəmiyyətlidir. Çünki böyük AI məlumat mərkəzləri çox yüksək enerji sərf edir. Tesla Powercore vasitəsilə belə mərkəzlərin elektrik təchizatını daha səmərəli təşkil etməyi hədəfləyir. Şirkət bu istiqamətdə NVIDIA ilə də əməkdaşlıq edir.
Tesla-nın planına əsasən, Powercore sistemlərinin ABŞ-da istehsalına başlanılacaq və ilk qurğuların 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Yeni platforma Tesla-nın enerji texnologiyaları sahəsində mövqeyini gücləndirmək cəhdlərindən biridir. Xüsusilə AI sistemlərinə tələbatın artdığı bir dövrdə belə enerji həllərinin əhəmiyyəti daha da yüksəlir.

Şərhlər

Şərh yaz