Süni intellektin inkişafı və təhlükəsizlik: Nəzarət mexanizmləri niyə vacibdir?
AI təhlükəsizliyi üçün beynəlxalq qaydalar vacibdir.
Süni zəka texnologiyaları həndəsi silsilə ilə inkişaf edir. Hər yeni model əvvəlkindən daha güclü, daha müstəqil və daha geniş imkanlara malikdir. Bu sürət texnologiya sahəsində böyük üstünlüklər yaratsa da, eyni zamanda ciddi təhlükəsizlik sualları doğurur.
Bu gün bir sıra modellər artıq qlobal internetə çıxış imkanı tapır, müxtəlif alətlərlə işləyir və hətta bəzi hallarda kiberhücumların həyata keçirilməsində iştirak edir. Daha narahatedici hal isə modellərin yanlış şəxsiyyətlər altında çıxış edərək dövlət və özəl qurumları aldatmaq cəhdləridir. Bu, yalnız texniki deyil, həm də hüquqi və sosial risk deməkdir.
Ona görə də Satya Nadellanın süni intellektin inkişafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair çağırışını vacib hesab edirəm. "Təcili əyləc" mexanizmi, yəni modelin işini istənilən an dayandıra biləcək sistem, sadəcə texniki detal deyil, idarəetmə məsələsidir. Bu mexanizm olmadan modelin səhv davranışı və ya sui-istifadəsi aşkar edildikdə, reaksiya vermək üçün vaxt itirilə bilər.
Düşünürəm ki, bu mexanizmlərin yaradılması üçün iki istiqamətdə iş aparılmalıdır. Birincisi, beynəlxalq standartlar və ortaq prinsiplər formalaşdırılmalıdır. Hər ölkə öz qaydalarını tətbiq edərkən eyni təhlükələrlə üzləşdiyimizi unutmamalıyıq. İkincisi, şirkətlər modelləri istifadəyə verməzdən əvvəl təhlükəsizlik testlərindən keçirməli və fasiləsiz monitorinq aparmalıdır.
Azərbaycan üçün də bu məsələ aktualdır. Bank, ödəniş və digər kritik sahələrdə süni zəkanın tətbiqi artdıqca, təhlükəsizlik nəzarəti də eyni sürətlə güclənməlidir. Bu baxımdan sahə üzrə mütəxəssislərin, tənzimləyicilərin və istifadəçilərin birgə iştirakı xüsusilə vacibdir. Texnologiyanın faydasını real qiymətləndirmək üçün onun riskləri də açıq şəkildə müzakirə olunmalıdır.
Nəticə etibarilə, süni zəka mütləq xaosa aparmaq məcburiyyətində deyil. Lakin bu, yalnız məsuliyyətli idarəetmə, aydın qaydalar və real vaxtda nəzarət mexanizmləri olduqda mümkündür. "Təcili əyləc" artıq lüks deyil, zərurətdir.
Müəllif: Saməddin Qədimov — informasiya təhlükəsizliyi üzrə mütəxəssis