Süni əzələlərlə real hərəkət: robotlar piano çalmağı öyrənir
Robotların insan kimi hərəkəti üçün süni əzələlər hazırlandı
Pensilvaniya Universitetinin mühəndisləri insanın barmaq və göz əzələlərinin iş prinsipindən ilhamlanaraq robotlar üçün CoilLCE adlı süni əzələlər hazırlayıblar. Sistem maye kristal elastomerdən (LCE), qrafendən və nazik mis sarğıdan hazırlanıb. Material qızdırıldıqda yığılaraq əzələ kimi hərəkət edir. Mis sarğı isə həm materialı qızdırır, həm də elektrik müqavimətindəki dəyişikliklər vasitəsilə əzələnin nə qədər yığıldığını müəyyənləşdirir. Bu üsul sistemə hərəkəti izləməyə və əzələni tələb olunan vəziyyətdə saxlamaq üçün istiliyi tənzimləməyə imkan verir. Tədqiqatçılar texnologiyanı süni əl üzərində sınaqdan keçiriblər. Robot barmaqları pianonun ayrı-ayrı dillərinə basaraq notları ardıcıl ifa edib, fasilə verib və növbəti notlara keçib. Bundan başqa, mühəndislər süni əzələlərlə işləyən robot gözlər hazırlayıblar. Dörd cüt əzələ gözləri müxtəlif istiqamətlərə hərəkət etdirir. Əzələlər insan bədənində olduğu kimi cüt işləyir: biri yığıldıqda digəri dartılır. Tədqiqatçıların fikrincə, bu texnologiya gələcəkdə humanoid robotların üz ifadələrini daha təbii göstərməsinə kömək edə bilər.
Şərhlər
Şərh yaz