SpaceX-in Starship raketi orbitə çıxdı: Kosmosa 26 peyk göndərildi

Aysel Hacıyeva 15.11.2026 1 dəqiqə 112
SpaceX-in Starship raketi orbitə çıxdı: Kosmosa 26 peyk göndərildi

Amerikanın “SpaceX” şirkətinə məxsus “Starship” raketi 15-ci sınaq uçuşu zamanı orbitə çataraq kosmosa 26 “Starlink” peyki çıxarıb. Amerika mediasının məlumatına görə, buraxılış Texas ştatında yerləşən “SpaceX” şirkətinin “Starbase” kosmodromundan həyata keçirilib. Sınaq tamamilə təkrar istifadə oluna bilən raket-kosmik sisteminin yaradılması proqramı çərçivəsində baş tutub.

Startdan sonra raketin birinci pilləsi olan “Super Heavy” uğurla yuxarı pillədən – “Starship” kosmik gəmisindən ayrılıb. 15-ci sınaq uçuşu zamanı kosmik aparat orbitə çataraq 26 “Starlink” peykini uğurla kosmosa yerləşdirib. Bununla belə, “SpaceX” “Super Heavy” birinci pilləsini buraxılış qülləsinin mexaniki tutacaqları vasitəsilə geri qaytarmaq planından imtina edib. Nəticədə raketin birinci pilləsi Meksika körfəzinə yönəldilib və alov içində dənizə düşüb. Hündürlüyü 124 metr olan “Starship” raket-kosmik sistemi “SpaceX” tərəfindən gələcək Ay və Mars missiyaları üçün hazırlanır. Bundan başqa, sistem NASA-nın amerikalı astronavtları yenidən Ay səthinə qaytarmağı nəzərdə tutan “Artemis” proqramı çərçivəsində də istifadə olunacaq.

0