SAP süni intellektlə 10 min iş yerini ixtisar edə bilər
Avropanın ən dəyərli proqram təminatı şirkəti olan Almaniyanın SAP şirkəti süni intellekt yönümlü yenidən strukturlaşma çərçivəsində qlobal işçi qüvvəsini ən azı 9 faiz azaltmaq imkanını nəzərdən keçirir.
Marja az xəbər verir ki, məhsulların hazırlanması, mühəndislik və satış bölmələrinə yönələn yenidən strukturlaşmanın miqyası həmkarlar ittifaqları ilə aparılacaq danışıqlardan sonra dəqiqləşəcək.
“Bloomberg”ə məlumat verən məsələyə yaxın mənbələrin sözlərinə görə, Almaniyanın proqram təminatı nəhəngi SAP fəaliyyətini süni intellekt dövrünün tələblərinə uyğunlaşdırmaq məqsədilə ən azı 10 min iş yerini ləğv etməyi planlaşdırır.
Danışıqların davam etməsi səbəbindən adlarının açıqlanmasını istəməyən mənbələr işçi ixtisarlarının miqyasının hələ tam müəyyən edilmədiyini və həmkarlar ittifaqları ilə aparılacaq danışıqlardan sonra dəyişə biləcəyini bildiriblər.
SAP-dan verilən açıqlamada şirkətin təşkilati strukturunu strategiyasına və müştərilərinin ehtiyaclarına uyğunlaşdırmaq üçün davamlı olaraq nəzərdən keçirdiyi qeyd edilib. Şirkət işçilərin ixtisarına dair planlarla bağlı şərh verməkdən yayınıb.
Məhsulların hazırlanması və satış strategiyası dəyişir
Mənbələrin sözlərinə görə, SAP rəhbərliyi yenidən strukturlaşma çərçivəsində məhsulların hazırlanması və satış üsullarını yenidən formalaşdırmağa davam edəcək. Bütün departamentlərə xərclərə qənaət imkanlarını müəyyən etmək tapşırılıb. Bu prosesdə xüsusilə məhsulların hazırlanması, mühəndislik və satış bölmələrinə diqqət yetirilir.
Süni intellekt məhsullarının bazara çıxarılması istiqamətində əvvəlki təşəbbüslərində problemlərlə üzləşən SAP-ın baş icraçı direktoru Kristian Klayn süni intellekt alətlərini şirkətin mövcud proqram təminatı məhsullarına inteqrasiya etməyi hədəfləyir.
Şərhlər
Şərh yaz