Saddam Hüseynin təyyarəsi 900 min dollara satılır

Fidan İbrahimli 23.11.2026 1 dəqiqə 72
Saddam Hüseynin təyyarəsi 900 min dollara satılır

İraq hökuməti vaxtilə ölkə rəhbərliyinin daşınmasında istifadə edilən iki Boeing 747 təyyarəsini satışa çıxarıb. Hər iki təyyarə 1991-ci ildən Tunisdə saxlanılır və ümumi satış qiyməti 1,8 milyon dollar müəyyən edilib.

İraq 35 ildən artıqdır Tunisdə qalan iki Boeing 747 təyyarəsini satmağa hazırlaşır. Təyyarələrdən biri Səddam Hüseynin hakimiyyəti dövründə hökumət təyyarəsi kimi istifadə olunub. Dövlətə məxsus Iraqi Airways şirkətinin elanına əsaslanan AeroTime nəşrinin məlumatına görə, hər iki hava gəmisinin qiyməti 900 min dollar, ümumi dəyəri isə 1,8 milyon dollardır. Təyyarələr 1991-ci ildən Tunisin Tozer-Nefta Beynəlxalq Hava Limanında saxlanılır. Körfəz müharibəsi zamanı mümkün hücumlardan qorumaq məqsədilə İraqdan Tunisə aparılan laynerlər sonradan ölkəyə qaytarılmayıb. Satışa çıxarılan təyyarələrdən daha çox diqqət çəkəni 1982-ci ildə istehsal edilmiş, YI-ALM qeydiyyat nömrəli Boeing 747SP-dir. “Əl-Qadisiyyə” adlandırılan bu təyyarə İraqın yüksək vəzifəli rəhbər şəxslərinin daşınması üçün xüsusi təchiz olunub. Göyərtəsində ayrıca mənzillər, konfrans zalı və istirahət üçün nəzərdə tutulan oturacaqlarla təchiz edilmiş salon yerləşib. Təyyarə keçmiş prezident Səddam Hüseynlə əlaqələndirilir. İkinci təyyarə isə YI-AGP qeydiyyat nömrəli Boeing 747-200 modelidir. Hər iki layner uzun müddət istismardan kənarda qaldığı üçün onların texniki vəziyyəti ilə bağlı suallar yaranır. Təyyarələrin yenidən uçuşa qaytarılması ciddi maliyyə vəsaiti tələb edə bilər. Potensial alıcılardan təkliflərin qəbulu 21 dekabr 2026-cı il tarixində başlayacaq və 5 yanvar 2027-ci ilədək davam edəcək. Satış prosesi İraqın Tunisdəki səfirliyi vasitəsilə həyata keçiriləcək.

Şərhlər

Şərh yaz